Rövnəq Abdullayev Vadim Vasilyevlə bağlı tapşırıq verib
"Vadim Vasilyev AFFA prezidenti Rövnəq Abdullayevin tapşırığı ilə özəl klinikaya yerləşdirilib. Onun bütün müalicə xərcləri federasiya tərəfindən qarşılanır. Müalicə prosesini daim diqqətdə saxlayırıq".
Bu sözləri Mediasport.az saytına açıqlamasında AFFA-nın Mətbuat xidmətinin rəhbəri Elnur Məmmədli deyib.
Qurum rəsmisi ötən həftə insult keçirən Azərbaycan milli komandasının keçmiş futbolçusunun səhhəti ilə bağlı son məlumatı verib:
"Həkimlər onun vəziyyətini orta-stabil qiymətləndirirlər. Sevindirici haldır ki, həyati təhlükəsi yoxdur. Bir müddət reanimasayada müalicəsini davam etdirməlidir. Çünki təzyiqi sabit deyil. Təzyiqi stabilləşəndən sonra palataya köçürüləcək".
Yığmamızın heyətində 1999-2003-cü illərdə 33 oyuna 2 qol vurmuş sabiq forvardın müalicəsi AFFA tərəfindən qarşılanır.
O, karyerası ərzində “Xəzri”, “Bakı Fəhləsi”, “Medita” (Ukrayna), “Metallurq” (Ukrayna), “Neftçi”, "Tavriya" (Ukrayna), “Qarabağ”, “Bakı”, “Olimpik” və “Karvan” komandalarının formasını geyinib.