"Sabah" Madriddə finala çıxdı

"Sabah" Madriddə finala çıxdı

İspaniyanın paytaxtı Madriddə "MadCup" beynəlxalq turnirində çıxış edən "Sabah"ın U-10 komandası növbəti oyunlarını keçirib.

Mediasport.az xəbər verir ki, Masazır klubu qrup mərhələsində son oyununda Madrid "Atletiko"suna məğlub olub (2:8).

"Sabah"ın qollarına Ömər Şirəliyev və Nihad Həsənov imza atıb. "Sabah" U-10 qrup mərhələsini 4-cü pillədə başa vuraraq, "Bürünc Liqa"da mübarizə aparmaq şansı qazanıb. 

"Bürünc Liqa"nın 1/8 finalında Avstraliyanın "Vilyarreal" (Sidney) komandasını 4:1 hesabıyla məğlub edən Savalan Əlizadənin baş məşqçisi olduğu komanda 1/4 finala adlayıb. Təmsilçimizin qollarına Əbülfəz Salahov, Həmzə Səfərli, Cavidan Ağayev və Timur Hacıyev imza atıblar.

"Sabah" 1/4 finalda İspaniyanın "Avila Atletiko" komandası ilə qarşılaşıb. Görüş 5:1 hesabıyla təmsilçimizin xeyrinə başa çatıb. Timur Hacıyev (2), Yusif Məmmədli, Ayxan Hüseynli və Əbəlfəzabbas Qasımlı "Sabah"ın qollarını vurublar. 

Yarımfinalda isə İspaniyanın "Fundasion" klubunu 5:1 hesabıyla məğlub edən "Sabah" finala vəsiqə qazanıb. Bu oyunda da Timur Hacıyev (2), Cavidan Ağayev, Ayxan Hüseynli və Ömər Şirəliyev fərqləniblər. 

İyunun 24-də turnirin açılış mərasimi olub. Açılış Madridin məşhur "Metropolitano" stadionunda keçirilib.