Narkotik aludəçisi olan millimizin sabiq futbolçusu ağır vəziyyətdədir
Birvaxtların istedadlı futbolçusu, Azərbaycan milli komandasının keçmiş hücumçusu Fərid Quliyev ağır bəlaya düçar olub.
Mediasport.az Sportfm-ə istinadən xəbər verir ki, "Qarabağ" və "Neftçi"nin keçmiş forvardı narkotik aludəçiliyindən əziyyət çəkir.
Karyerasını bitirdikdən sonra pis vərdişlərə qoşulan Fəridin həyati təhlükəsi var. Premyer Liqanın keçmiş bombardiri hazırda Maştağada yerləşən reabilitasiya mərkəzində müalicə alır.
38 yaşlı futbolçunun 2018-ci ildə voleybol üzrə qadınlardan ibarət yığmamızın üzvü Oksana Kiselyova ilə qurduğu ailə də pis vərdişləri səbəbindən dağılıb.
Məlumata görə, 2016-cı ildə Türkiyə çempionatında "Yozqatspor"da çıxış etmiş Fəridin vəziyyəti getdikcə ağırlaşır, onun daha müasir tələblərə cavab verən müalicəyə ehtiyacı var.
Bunun üçün çoxprofilli xəstəxanaya köçürülməlidir.
Qeyd edək ki, Fərid Quliyev "Bakı" və "Neftçi" ilə Azərbaycan Premyer Liqasının qalibi adını, həmçinin, "ağ-qaralar"la ölkə kubokunu qazanıb.
2009/10-cu illər mövsümündə "Standard"ın heyətində Azərbaycan çempionatının bombardiri olub.
Berti Foqtsun rəhbərliyi dövründə milli komandaya dəvət alan Quliyev yığmada 7 oyun keçirib, 1 qol vurub.