"Uğurlu nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik"
"İyuldan start götürən hazırlıq prosesi uğurla keçdi. Bakıda və Tbilisidə təlim-məşq toplanışları oldu. Gürcüstanda bu ölkənin yığma komandası ilə 3 yoxlama oyunumuz oldu. Bu oyunlarda bütün voleybolçuları oynatmağa çalışdım. Qarşıda Avstriya və Belçika ilə görüşlərimiz var. Hər iki matçda daha yaxşı oynayıb uğurlu nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik".
Mediasport.az xəbər verir ki, bunu kişi voleybolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Fərid Cəlalov deyib.
Mütəxəssis Avropa çempionatının təsnifat mərhələsinin qarşıdakı oyunları ilə bağlı təəssüratlarını bölüşüb:
"Artıq ilk oyunumuz üçün Avstriyaya gəlmişik. Sabah Avstriya, bir həftə sonra isə Bakıda Belçika yığması ilə qarşılaşacağıq. Hər bir idmançı üçün məşq nə qədər vacibdirsə, yarış və yoxlama oyunları da bir o qədər önəmlidir.
Komandamızın ilk və son yoxlama matçlarındakı oyunları arasında böyük müsbət fərq hiss olunurdu. İnanıram ki, yaxşılığa doğru olan bu dəyişiklik bizim əsas oyunlarımızda da hiss olunacaq. Əsas məqsədimiz gəncləşən komandamızın oyun təcrübəsini və gənc voleybolçularımızda özlərinə inamı artırmaqdır".
Xatırladaq ki, millimiz avqustun 17-də səfərdə Avstriya, 24-də isə Bakıda Belçika ilə üz-üzə gələcək.