"VAR otağında olan hakimin səhv etməyə ixtiyarı yoxdur" - KAPİTAN

"VAR otağında olan hakimin səhv etməyə ixtiyarı yoxdur" - KAPİTAN

"Hazırda "Sabah"la oyunu düşünürük. Doğrudur, onların kubok oyunu olacaq. Ortada 7-8 günlük zamanımız var. Rəqibi düzgün analiz etməyə, matça yaxşı hazırlaşmağa çalışacağıq".

Bu sözləri Mediasport.az saytına açıqlamasında "Turan Tovuz"un kapitanı Şəhriyar Əliyev deyib.

Təcrübəli müdafiəçi əvvəlcə qış təlim-məşq toplanışından sonra Azərbaycan Premyer Liqasında keçirtdikləri 2 görüş haqda danışıb:

"Fasilədən sonra 2 oyun keçirtdik. Birinci oyuna pis başlamamışdıq (19-cu tur, "Kəpəz" - "Turan" 2:1). Sadəcə, qırmızı vərəqə aldıqdan sonra 10 nəfərlə 85 dəqiqə ərzində mübarizə aparmaq, həqiqətən, çox çətin oldu. Çünki çox güc sərf etdik. Məğlub olmaya da bilərdik. Amma sonra səhvlərimizi analiz edib özümüzü növbəti oyuna köklədik. Ciddi təzyiq altında mübarizə aparırdıq. Həm hava soyuq idi, həm qar yağırdı, həm də 10 nəfərlə oynadığımız üçün ikiqat enerji itirmişdik.

20-ci turun "Səbail"lə matçından öncə rəqibi analiz etmişdik. Hansı mövqedə boşluqlarının olduğunu bilirdik. Həmin oyun daha yaxşı çıxış etdik və qələbə qazandıq. İnşallah, bunu davamlı etmək, hər oyuna çıxanda xal və ya xallar qazanmaq istəyirik. Bu dövrədə çox çətin matçların olacağını bilirik. Rəqiblərin də heyətləri güclənib. Onlar da istəyirlər ki, nəticələri yaxşı olsun. Qış təlim-məşq toplanışından sonra ilk 3-4 tur çox ağır olur. İki oyuna 4 və ya 6 xal da qazana bilərdik, amma 3 xal qazanmışıq. "Səbail"lə oyunda qazandığımız qələbə bizi digər oyunlarda motivasiya edəcək. Çalışacağıq ki, qarşıdakı oyunlarda yaxşı nəticə qazanaq".

31 yaşlı futbolçu daha sonra qış "transfer pəncərəsi"ndə komandadan ayrılanlar və düşərgəyə yeni qoşulan Aleks De Souza haqqında fikirlərini bölüşüb:

"Sərtan Taşkına təklif göndərilmişdi, onu istəyirdilər. Həqiqətən də, məsələni həll etdilər. Martin Petkovla bağlı məsələnin necə olduğunu dəqiq bilmirəm. Bəlkə də, şəxsi problemi var idi. Həm Sərtan, həm də Martin komandaya çox kömək edirdilər. Çempionatın əvvəlində ideal formada idilər. Komandaya kömək etməyə çalışırdılar. Aleks De Souza isə gəncdir, istəklidir. Doğrudur, komandaya yeni qoşulub, amma buna baxmayaraq, sanki uzun müddətdir bizimlə birlikdədir. Uyğunlaşma problemi də yaşamır. Məşqlərdə özünü göstərməyə çalışır. Məncə, "Turan Tovuz" üçün xeyirli-uğurlu transfer olacaq".

"Boz qurdlar"ın kapitanı son zamanların əsas müzakirə mövzusu olan hakim səhvlərindən də söz açıb:

"Elə oyunlarımız olub ki, hakim səhvləri nəticəyə təsir edib (gülür). Bəlkə də, itirdiyimiz 6-7 xalla biz fərqli pillədə qərarlaşa bilərdik. Hər şeyi də onların üstünə atmaq olmaz, düzgün deyil. Biz necə səhv ediriksə, qapımızda qol görürüksə, hakimlər də matçlarda səhvlər edirlər. Baş hakim qısa zamanda qərar verir, səhv etməsi normaldır. VAR otağında olan hakimin səhv etməyə ixtiyarı yoxdur. Orada edilən səhvlər adama təsir edir. Bilmədən xətalar edilə bilər. Yenə deyirəm: hər şeyi də hakimlərin üstünə atmaq olmaz. Doğrudur, səhv etdikləri oyunlar olub.

Məncə, çempionatda bizə qarşı daha çox hakim səhvləri olub, amma digər komandalar da bunu yaşayıblar. Gənc hakimlərimiz çoxdur. Onlara uğurlar arzu edirəm. Dünya futbolunda VAR tətbiq edildikdən sonra hakim səhvlərinin minimuma endirilməsi düşünülürdü. VAR otağında hakimin səhv etməsi...Ən azından orada xırdalıqları görə bilirlər".

Rövşən