"Vətənə medalla qayıtdığım üçün sevincliyəm, təəssüf ki, qızıl medal olmadı" - Olimpiya mükafatçısı
"Vətənə medalla qayıtdığım üçün sevincliyəm. Təəssüf ki, qızıl medal olmadı. Daha yaxşı hazırlaşıb növbəti olimpiadalarda çempion olmağa çalışacağam".
Mediasport.az xəbər verir ki, bu sözləri “Paris-2024” Yay Olimpiya Oyunlarında bürünc medal qazanmış Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılanma mərasimi zamanı jurnalistlərə açıqlamasında deyib.
67 kiloqram çəki dərəcəsində çıxış edən idmançı üçüncü yeri tutmasının Allahın qisməti olduğunu bildirib:
"Belə məsləhət imiş. Şükürlər olsun ki, medalsız qalmadım. Gələcəkdə daha yaxşı olacaq".
Güləşçilərin ümumi çıxışını da dəyərləndirən H.Cəfərov açılışı yaxşı etmədiklərini vurğulayıb:
"Bu da komanda yoldaşlarıma mənfi təsir etdi. Yunan-Roma güləşində yeganə medalı son gündə mən qazandım. Olimpiya Oyunları ən nüfuzlu yarış sayılır. Amma şəxsən məndə heç bir stres olmadı".
Xatırladaq ki, Azərbaycan iyulun 26-da start götürmüş olimpiadada 48 idmançı ilə təmsil olunub. Yığma 15 idman növü üzrə 17 proqramda çıxış edib.
Komandamızın heyətində cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) olimpiya çempionu olublar.
Taekvondoçu Qaşim Maqomedov (58 kq), boksçu Loren Alfonso Dominges (92 kq) gümüş, yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kq) və sərbəst güləşçilər Giorgi Meşvildişvili (125 kq) ilə Maqomedxan Maqomedov (97 kq) bürünc medal qazanıblar.
Ölkəmiz medal sıralamasında Xorvatiya ilə birlikdə 30-31-ci yerləri bölüşdürüb.