Yeni transfer çağırış etdi: "Birinci matçda sumqayıtlı həvəskarları..."

  Yeni transfer çağırış etdi: "Birinci matçda sumqayıtlı həvəskarları..."

"Yeni mövsümdə əsas hədəfimiz pley-offa vəsiqə qazanmaqdır. Kollektiv daxilində əla atmosfer var".

Mediasport.az xəbər verir ki, bunu "Sumqayıt" Basketbol Klubunun üzvü Aleksey Kitayev klubun mətbuat xidmətinə açıqlamasında deyib.

O, komandanın durumundan söz açıb:

"Yeni mövsüm ərəfəsində "Naxçıvan"a qarşı keçirdiyimiz hazırlıq oyunu yaxşı komanda olduğumuzu göstərdi. Güclü rəqibə layiqli müqavimət göstərdik. Təbii ki, bir neçə gün əvvəl keçirilən oyunda qalib gəlmək istəyirdik. Amma məğlubiyyətin də müəyyən səbəbləri var. Çünki təzə formalaşmışıq, bir-birimizlə çox oynamamışıq. Uyğunlaşmağa vaxt lazımdır. Komandanın üzvləri fərdi planda çox güclüdürlər".

Aleksey "gənclik şəhəri" təmsilçisinin 2024/2025 mövsümündə uğurlu çıxış edəcəyinə inandığını bildirib:

"Əsas hədəfimiz pley-offa vəsiqə qazanmaqdır. İşlərimiz qaydasında getsə, çempionatın 4 ən güclü komandası sırasına da yüksələ bilərik. Bunun üçün oyundan-oyuna "artırmalıyıq". Artıq "Ordu" klubu ilə ilk oyunda nəyə qadir olduğumuzu göstərməliyik. Mövsümün birinci matçında sumqayıtlı basketbol həvəskarlarını Sumqayıt Olimpiya İdman Kompleksinə dəvət edirəm. Ümid edirəm ki, bu oyunda məhz onların dəstəyi ilə qalib gələcəyik".