"Yığmalarımızın uğursuzluqlarında klublarımızın payı çox böyükdür" - Millimizin zərif üzvü ilə MÜSAHİBƏ

"Yığmalarımızın uğursuzluqlarında klublarımızın payı çox böyükdür" - Millimizin zərif üzvü ilə MÜSAHİBƏ

19 yaşadək qadınlardan ibarət milli komandamız və Yüksək Liqada mübarizə aparan "Xırdalan Siti"nin futbolçusu Fidan Cəfərova mediasport.az saytına müsahibə verib.

- 24 oktyabr 2004-cü ildə Mingəçevir şəhərində anadan olmuşam. 9 yaşımadək Mingəcevirdə yaşayıb sonra Şəki şəhərinə köçmüşəm. Orta təhsilimi Şəkidə başa vurmuşam. Hazırda Azərbaycan Dövət Pedaqoji Universitenin nəzdində fəaliyyət göstərən Pedaqoji kollecin fiziki tərbiyə müəllimliyi ixtisası üzrə 1-ci kurs tələbəsiyəm.

Futbol oynamağa 9 yaşımdan başlamışam və bu aydan karyeramı "Xırdalan Siti" klubunda davam etdirirəm. Bir çox futbolçulardan fərqli, mənim bu idman növünə gəlişimin hekayəsi başqa olub. Futbola sevməyərək başlamışam. Sadəcə, bir məşğuliyyət olsun deyə futbola getmişəm. Daha sonralar bu idman növü məndə özünə böyük sevgi yaratdı. Bir müddət keçdikdən sonra gördüm ki, futbol mənim üçün artıq bir oyun yox, həyatımın hissəsidir. Bir insan hansısa işə başlayanda onun ən böyük dəstəkçisi ailəsi olur. Mənsə bu ailə dəstəyindən məhrum olmuşam. Bu, həyatımda mənfi və müsbət təsirlər göstərib. Yaşıdlarımla müqayisədə daha tez olğunlaşıb fərqli xarakterə sahib olmuşam. Qarşıma çıxan mənfi hadisələrlə təkbaşıma mübarizə aparmışam. Yaşadığım bu çətinliklər məni futbola daha çox bağladı, mənə əlavə stimul, güc, motivasiya verdi. Beləcə, bir çox çətinlikləriin öhdəsindən gələrək burayadək addımlamağa nail olmuşam. Əldə etdyim nailiyyətlər kənardan baxanlar üçün nə qədər asan və sadə görünsə də, onun çətinliklərini, hansı əziyyətlər hesabına başa gəldiyini yalnız özüm çox yaxşı bilirəm. Şəkidə yaşamağım karyerama, inkişaf etməyimə mane olurdu, tez-tez məqşlərdən qalırdım. Fərdi qaydada işləməyə çalışırdım. Qarşıma qoydumğum məqsədə nail olmaq üçün çox zəhmət çəkmişəm. İnsan böyüdükcə hədəf və məqsədləri də inkişaf edir, böyüyür. Məqsədim uğrunda getməkdən heç vaxt yorulmamışam. Bu gün şükürlər olsun, Azərbaycan milli komandasının üzvüyəm. Yüksək Liqada çempionluğa oynayan "Xırdalan Siti"nin futbolçusuyam.

Karyeranızın əvvəlindən başlasaq, "Xırdalan Siti"yə qədər hansı klublarda oynamısız, ümumiyyətlə, hansısa nəticələriniz var?

- Futbola ilk addımlarımı Şəkidə "Nuxa" komandasında atmışam.Bu gun qazandıqlarımda, əldə etdiyim nailiyyətlərdə Şəki komandasının çox böyük köməyi olub. "Xırdalan Siti"yə qədər 8 il "Nuxa"da çıxış etmişəm. Bu il karyeramda bir qədər dəyişiklik etmək istədim. Məqsədlərimə uyğun olduğu üçün "Xirdalan Siti"yə keçdim. "Nuxa"da oynadğım müddətdə Azərbaycan çempionatında  U-13 liqasında iki dəfə gümüş, U-16 liqasında 2 dəfə gümüş və bir dəfə bürünc medalları qazanmışam. Hədəfim olan çempionluğa bu il Xırdalan klubu ilə çatmaq istəyirəm.

Çətinliklər, çox qadağalar görən standart Azərbaycan xanımları kimi, sizin də yolunuz asan keçməyib, bunu danışığınızdan da sezmək mümkündür. Həyatınızın rayonla bağlı olduğunu düşünsək, sizin ayaq üstdə qalmağınıza kimsə dəstək olmadı, təkbaşına özünüzdə bu qədər gücü necə tapa bildiz?

- Düzdür, çətinlikərim çox olub, amma bu yolda mənə heç kimin əl uzatmayacağını bildiyim üçün bütün problemlərin öhdəsindən tək gəlməyə çalışmışam. Gələcəyimi düşünüb daha çox mübarizə aparmışam. Bəlkə də çoxları üçün bu cümlə sadə səslənə bilər. Ancaq mənim həyatımda mübarizə ifadəsində çox dərin mənalar var.

Bayaq dediz ki, futbola sevməyərək gəlmisiz. İzah edərdiz zəhmət olmasa, niyə məhz futbol?

- Hə, boş vaxtlarımı daha səmərəli və əyləncəli keçsin, fiziki cəhətdən inkişaf edim deyə bu işə yönəlmişəm. Əvvəl-əvvəl mənə maraqlı gəlməyən bu oyuna zaman keçdikcə daha çox sevməyə başladım. Futbola qarşı məndə böyük sevgi yarandı. Hər gün futbolla məşğul olmağım gələcək həyat yolumu seçməyimə təkan verdi. Anladım ki, futbol artıq həyatımın bir parçasıdır.

Milli komandanın əsas üzvlərindən birisiz. Yığma səviyyəsində Azərbaycan futbolunda heç vaxt maliyyə problemi olmayıb. Sizcə, əsas problem nədir ki, qadın millilərimiz bütün seçmə mərhələlərdə uğursuz çıxış edir?

- Bəli, sözlərinizdə həqiqət var. Lakin hər şey qraqdan göründüyü kimi asan və sadə olmur. Qadın futbolunda maddi və mənəvi problemlər çoxdur. Bu da bizim futbolumza, milli komadamızın çıxışlarına mənfi təsir göstərir. Biz futbolla yanaşı, bir çox problemlərlə də mübarizə aparırıq. Amma buna baxmayaraq, ölkəmizi ən yaxşı şəkildə təmsil etmək üçün çox çalışırıq. Biz hamıdan daha çox istəyirk ki, milli komandamız uğurlu nəticələr əldə etsin.

Klub futbolunu başa düşdük, milli səviyyəsində maliyyə problemi olmadığı halda komandalarımızın uğurlu nəticələr qazanmasına konkret nə mane olur?

- Klublarımızın yetərsizliyi, futbolçuya düzgün məşq şəraiti yaratmamaq, çempionatımızın aşağı səviyədə olması və başqa bu kimi səbəblər ölkəmizdə qadın futbolunun inkişafına birbaşa mənfi təsir göstərir. Bu problemlər bütün yaş qrupları üzrə yığmaların çıxışlarına təsirsiz ötüşmür. Avropada futbolçu inkişafını klubunda yaşayıb milli komadaya hazır vəziyyətdə, ideal formada yalnız kömək etmək üçün dəvət olunur. Bizdə isə demək olar kı, bunun tamamilə əksinədir. Yığmalarımızın məşqçiləri futbolçulara taktika ilə yanaşı, çox şey öyrədir. Çempionatlarda komandaların sayının az olması, klubların yaxşı futbolçu yetişdirə bilməməsi milli komadaların məşqçilərinin işini çətinə salır. Yığmalarımızın uğursuzluqlarında klublarımızın payı çox böyükdür. Unutmamalıyıq ki, futbolçu milli komandaya çempionatda klubdan gəlir.

Milli komandaların futbolçuları zaman-zaman AFFA-nın da vasitəçiliyi ilə Rusiya, Türkiyə və.s ölkələrin klubarında legioner həyatı yaşayır. Sizin əsas məqsədiniz, istəyiniz, hədəfiniz nədir, ümumiyyətlə, dəvət almısız xarici ölkədən?

- Əlbəttə ki, xaricdə oynayan azərbaycanlılar kimi, mən də legioner həyatı yaşamaq istəyirəm. Bu mənim futboldakı ən böyük, ən ali məqsədlərimdən biridir. Hələlik dəvət almamışam, həm də təhsilimi davam etdirirəm. İstəyirəm ki, təhsilimi başa vurum, ondan sonra legioner həyatı yaşayım. Çox yaxşı yerlərdən təklif gəlsə, o zaman təhsilimi dondurub dəvəti dəyərləndirə bilərəm.

Səmimi cavab xahiş edirəm, sizcə, Azərbaycanda futbol oynamağı bacaran xanım çoxdur, yoxsa sadəcə top dalınca qaçan?

- Buna mənim fikir bildirməyim nə qədər düzgündür, bilmirəm. Sualınıza belə cavab verə bilərəm ki, bu gün futbolda olan hər bir qadının özünə görə potensialı var. Kiminki az, kiminki bir az çox. Futbolda bacarıq baxımından məndən aşağı olanlar da var, yuxarı səviyyədə olanlar da.

Artıq 10 ildi futbol oynayırsız, özünüz də çətin dönəmdən keçmisiz, artıq demək olar ki, ailələrdə qızların futbol oynamasına görə yaradılan əngəllər, mental qadağalar daha qalmayıb. Bu mənada necə fikirləşirsiz, ölkəmizdə qadın futbolunun inkişafına, daha yaxşı nəticələrə nə qədər vaxt lazımdır?

- Qadın futbolu Avropada inkişaf etmiş idman növlərindən biridir. Avropa ilə mqqayisədə, bu tendensiya bizdə bir qədər ləng gedir. Təbii ki, mənim və futbol oynayan digər qızlarımızın məqsədi gələcək qadın futbol nəslinə daha uğurlu yol açmaqdır. Bizim bugünkü çıxışlarımız, nəticələrimiz gələcəyin qadın futbolu üçün böyük əhəmiyyət kəsb edir. Ölkəmizin daha müasirləşməsi, fərdi fikirlərə müsbət yanaşması, ailələrin mentalitetinin dəyişməsi Azərbaycanda qadın futbolunun inkişafına müsbət təsir göstərməyə başlayıb və qarşıdakı illərdə daha yaxşı nəticələrin olacağına inanıram. Qadın futbolunun ən böyük problemlərindən biri ailələrin xanımların futboluna düzgün yanaşmamasıdır. Ailələrdə qızların futbolçu olmaq istəklərinə yanaşma yavaş-yavaş dəyişir. Mənim də tövsiyəm budur ki, uşaqları sevdikləri sənətdən məhrum etməsinlər, dəstək olsunlar.

Elvin