Yığmamızın 25 yaşlı üzvü Nazilə İsmayılova Afrika qitəsini fəth etdi
Azərbaycanın ağır atletika üzrə yığma komandası mayın 11-də Tunisin paytaxtı Tunis şəhərində başlanan ağır atletika üzrə 33-cü Afrika çempionatına uğurla start verib.
Federasiyadan mediasport.az saytına verilən məlumata görə, ağırlıqqaldıranlarımızdan körpücük üzərinə ilk olaraq Nazilə İsmayılova çıxıb.
25 yaşlı idmançımız 45 kq çəki dərəcəsində mübarizə aparıb. Nazilə birdən qaldırma hərəkətində 60, təkanla qaldırma hərəkətində 72 kq çəkini ram edib, toplam 132 kq (60+72) nəticə göstərib. Bu nəticə ilə o, bu çəki dərəcəsində həm birdən, həm təkanla qaldırma hərəkətləri, həm də toplamda qalib olub.
Yarış mayın 18-də yekunlaşacaq.
Milli komandamızın başqa qitənin çempionatında çıxışına səbəb bu ilin aprelində İrəvanda keçirilən Avropa çempionatında məlum səbəblərdən iştirak edə bilməməsidir. Tunisdə təşkil olunan yarış da Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır və Beynəlxalq Ağır Atletika Federasiyası tərəfindən Azərbaycan komandasına alternativ imkan kimi bu turnirdə qüvvəsini sınamaq təklif olunub. Azərbaycan Ağır Atletika Federasiyası bu təklifi qəbul edib. İrəvanda yarışa bilməyən idmançılarımız Tunisdə körpücük üzərinə çıxacaq və əldə etdikləri nəticələr Olimpiya təsnifat sistemində qeydə alınacaqdır.