3 güləşçimiz yarımfinalda, 4-ü medal görüşünə çıxacaq - AÇ-2024
Azərbaycanın 3 yunan-Roma güləşçisi Bakıda keçirilən U-23 Avropa çempionatında yarımfinala çıxıb.
Mediasport.az xəbər verir ki, Nihad Quluzadə (60 kq), Ruslan Nurullayev (72 kq) və Qurban Qurbanov (82 kq) finala vəsiqə uğrunda mübarizə aparacaq.
Nihad Quluzadə Dinislam Bammatov (AİN), Ruslan Nurullayev Georgi Çixikvadze (Gürcüstan), Qurban Qurbanov Leon Rivalta (İtaliya) ilə üz-üzə gələcək.
Yarımfinallar Bakı vaxtilə saat 16:45-də başlanacaq.
Bu gün yarışa qoşulan Fərahim Mustafayev (67 kiloqram) 1/4 finalda, Murad Əhmədiyev (97 kiloqram) isə təsnifat mərhələsində məğlub olub.
Onların uduzduqları rəqiblər finala vəsiqə qazansalar, təmsilçilərimiz təsəlliverici görüşlərə qatılacaqlar.
Bu gün, həmçinin, yığmanın 4 üzvü medal görüşünə çıxacaq.
Rəşad Məmmədov (55 kiloqram) üçüncü yer uğrunda ukraynalı İvan Stefanskini, Ziya Babaşov (63 kiloqram) və Xasay Həsənli (77 kiloqram) finalda müvafiq olaraq, moldovalı Vitali Yeriomemko və türkiyəli Yüksəl Sarıçiçeki, Laçın Vəliyev (87 kiloqram) isə təsəlliverici qarşılaşmada rumıniyalı Patrik Qordanı sınağa çəkəcək.
Azərbaycanın ümumilikdə 27 güləşçi ilə qatıldığı qitə birinciliyi mayın 26-da başa çatacaq.