AAF prezidenti və vitse-prezident EWF-in Konqresinə qatılıblar
Azərbaycan Ağırlıqqaldırma Federasiyasının (AAF) prezidenti Kamran Nəbizadə Bolqarıstanın paytaxtı Sofiyaya səfər edib.
Mediasport.az xəbər verir ki, qurum rəhbəri və vitse-prezident Firdovsi Umudov Avropa Ağırlıqqaldırma Federasiyasının (EWF) Konqresində iştirak ediblər.
Gündəlikdə olan bir çox məsələlər müzakirələr edilib, ağırlıqqaldırma idman növünün bu günü və gələcək perspektivləri diqqətə alınıb, hesabatlar dinlənilib, rəy və təkliflər verilib.
Konqres zamanı Kamran Nəbizadənin Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının (İWF) prezidenti Mohamməd Caludla təkbətək görüşü olub.
Söhbət zamanı qurumlar arasındakı əlaqələrin möhkəmliyi və böyük tarixə malik olduğu bildirilib, bu münasibətlərin davam və daha da inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.
İWF prezidenti Azərbaycanda ağırlıqqaldırmaya böyük maraq və dəstək olduğunu bildirib. O, xüsusilə Cənab Prezident İlham Əliyevin ağırlıqqaldırma klubunun açılışında Türkiyə Cümhuriyyətinin prezidenti Rəcəp Tayyip Ərdoğanla birlikdə iştirak etməsi və özünün ştanqı qaldırmasını qeyd edib.
Kamran Nəbizadə bildirib ki, Azərbaycan bir idman ölkəsidir və yalnız ağırlıqqaldırma deyil, bütün idman növlərinə dövlət səviyyəsində yüksək diqqət və qayğı var. Bunun nəticəsində idmançılarımız beynəlxalq arenada mütəmadi qələbələr qazanır, bayrağımızı yüksəldirlər.
Onların arasında ağırlıqqaldıranlar da var və federasiyamız bu idman siyasətinin, bu uğurların davam etdirilməsi üçün bütün səylərini göstərir. Buraya beynəlxalq qurumlarla münasibətlərin sıxlaşdırılması və inkişafı da daxildir ki, bu proses bundan sonra davam etdiriləcəkdir.
Görüşdən sonra AAF-ın xüsusi hədiyyəsi - üzərində federasiyanın loqosu olan Azərbaycan ipək xalçası Mohamməd Calud və EWF prezidenti Antonio Konflittiyə təqdim edilib.