ABŞ-nin "Los Qatos Yunayted" klubunun azərbaycanlı məşqçisi kimdir?: "İşimi bəyənib dəvət etdi"
"Üç ildir ki, Kaliforniya ştatındayam. Öncə burada qapıçılar üçün "Nort Kal" akademiyasında işləməyə başladım. Bosniya və herseqovinalı məşqçi var, onunla işlədim".
Bu sözləri Mediasport.az saytına açıqlamasında ABŞ-də yaşayan məşqçi Əsədulla Əliyev deyib.
Qapıçı mütəxəssisi okeanın o tayında fəaliyyətindən söz açıb:
"Bosniyalı məşqçi işimi bəyəndi və məni "Los Qatos Yunayted" klubuna dəvət etdi. O, klubun dörd direktorundan biridir. "Breykers" futbol klubundan dəvət gələnə qədər "Los Qatos Yunayted"də çalışdım. Bu komanda Next MLS-də oynayırdı, mən də orada qapıçılar üzrə koordinator idim. U-15, U-16, U-17 və U-19 komandalarında qapıçılara nəzarət edirdim.
Bu komandaların qapıçılarına məşq keçirdim, plan yazırdım, hazırlıqlarına cavabdehlik daşıyırdım. Baş məşqçilərə hesabat verib hansı qapıçının daha yaxşı, hazırlıqlı olduğuna dair raport təqdim edirdim. Mənim təqdimatımla yaxşı performansı olan qapıçı əsas heyətdə oynayırdı".
Sonradan Nyu-Yorka köçən həmyerlimiz buradakı fəaliyyətindən danışıb:
"Azərbaycan millisinin sabiq üzvü Elşən Qəmbərovla əlaqə saxladım, məni öz akademiyasına dəvət etdi, Nyu-Yorka gedəsi oldum. Orada da akademiyanın koorditanoru idim. Bütün akademiya üçün məşq planı yazırdım. Akademiyada "Bric Sokker" adlı U-9 komandası var idi, onu da öz üzərimə götürdüm. Bu, əsasən talant qrupu idi.
Komandanı ABŞ-nin ümumi reytinq siyahısında 110-cu pillədən 45-ci yerə yüksəltdim, Nyu-York ştatında 4-cü etdim. Lakin ailə vəziyyətimə görə Kaliforniyaya qayıtmalı oldum.
Hazırda "Los Qatos Yunayted"dəyəm. Burada qapıçıların koordinatoru kimi çalışıram. U-15, U-17, U-19 yaşlı qız və oğlan qapıçılarına nəzarət edirəm. Bununla yanaşı, "Nort Kal" qapıçılar akademiyasında da fəaliyyət göstərirəm".