"Oyunu qürurla izlədim, çox sevinirəm, atamın da ruhu şad oldu" - Allahverdi Bağırovun oğlu
Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun oğlu Elşən Bağırov UEFA Avropa Liqası pley-off mərhələsinin cavab oyunu çərçivəsində Bakıda baş tutmuş "Qarabağ" - "Braqa" qarşılaşmasında hazırlanmış xoreoqrafiya haqqında təəssüratlarını bölüşüb.
Mediasport.az xəbər verir ki, "Qarabağ" klubunun futbolçusu və baş məşqçisi olmuş əfsanəvi komandirin oğlu Ağdam təmsilçisinin tarixi zəfərini izlədiyini və çox sevindiyini deyib.
O, atasının da ruhunun şad olduğunu qeyd edib:
"Mən də oyunu qürurla izlədim. Çox sevinirəm. Qarabağ azaddır! "Qarabağ" qalibdir!
Bütün oyunçuları, azarkeşləri və Qurban Qurbanovu təbrik edirəm. Səsiniz həmişə zirvələrdən gəlsin.
Üç gün öncə Ağdamda oldum, atamın məzarını da ziyarət etdim. "Qarabağ" azarkeşlərinin hazırladığı xoreoqrafiyanı görəndə isə çox təsirləndim, qürur duydum. Atamın da ruhu şad oldu. Buna görə də bütün azarkeşlərə təşəkkür edirəm. Milli Qəhrəmanımızın xatirəsini əziz tutduğunuz üçün çox sağ olun".
"İmarət" azarkeş qrupu