"Azarkeşlərimiz oturacaqları qıraraq meydançaya atıblar" - AFFA rəsmisi
Xəbər verdiyimiz kimi, UEFA martın 27-də Stokholmda keçirilmiş futbol üzrə Avro-2024-ün seçmə qrup mərhələsinin İsveç - Azərbaycan oyununda baş verən qalmaqallara hüquqi qiymət verib.
Ali futbol qurumu yığmamızın 0:5 hesabı ilə uduzduğu qarşılaşmada erməni təxribatına görə meydan sahiblərinin cəzasını 5 min avro kəsib. Meydançaya kənar əşyalar atan azərbaycanlı azarkeşlərin hərəkətinə görə isə AFFA 15 min avro cərimə edilib.
Məsələ ilə bağlı mediasport.az saytına açıqlama verən Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) Mətbuat və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Firuz Abdulla bildirdi ki, azərbaycanlı azarkeşlər həqiqətən də meydançaya yad əşyalar atıblar:
- Bununla bağlı bizə də rəsmi bildiriş gəldi. Azarkeşlərimiz separatçıların təxribatından sonra bir neçə oturacağı qıraraq meydançaya atıblar. UEFA AFFA-nı buna görə 10 min, arenaya dəymiş ziyana görə isə 5 min avro cərimə edib. Quruma ümumilikdə 15 min avro cərimə ödəyəcəyik. O ki qaldı erməni təxribatına, bu, bizim üçün həssas məqam olsa da, UEFA məsələyə sırf nizam-intizam qaydaları prizmasından yanaşır. Yəni, İsveç Futbol Federasiyası erməni separatçılarının hərəkətlərinə görə yox, onların stadionda icazə verilməmiş pankart açdıqlarına görə cərimələnib.
Qeyd edək ki, martın 27-də "Friends Arena"da baş tutmuş matç milli komandamızın 0:5 hesablı məğlubiyyəti ilə yekunlaşıb.