Qaşim Maqomedov: "Olimpiaya Oyunlarında Azərbaycan Bayrağını dalğalandırdığım üçün fəxr edirəm”
“Təəssüratlarım çox yaxşıdır. Təbii ki, qızıl medal qazanmaq istəyirdim. Amma gümüş mükafat da pis nəticə deyil”.
Mediasport.az xəbər verir ki, bu sözləri “Paris-2024” Yay Olimpiya Oyunlarında gümüş medal qazanmış Azərbaycan taekvondoçusu Qaşım Maqomedov Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılanma mərasimi zamanı jurnalistlərə açıqlamasında deyib.
58 kiloqram çəki dərəcəsində fəxri kürsüyə qalxmış idmançı bildirib ki, yüksək nəticələr qazanmaq üçün hər il əzmlə çalışır:
“Federasiya bu idman növünün inkişafı üçün əlindən gələni edir. İnanıram ki, taekvondo Azərbaycanda ən populyar idman növlərindən bir olacaq. İdman mənim həyatımdır. Çoxdandır taekvondoda Olimpiya medalımız yox idi. Şükürlər olsun ki, bunu məhz mən bacardım. 10 ilə yaxındır buradayam. Olimpiya Oyunlarında Azərbaycan Bayrağını dalğalandırdığım üçün fəxr edirəm”.
Xatırladaq ki, Azərbaycan iyulun 26-da start götürmüş olimpiadada 48 idmançı ilə təmsil olunub. Yığma 15 idman növü üzrə 17 proqramda çıxış edib.
Komandamızın heyətində cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) olimpiya çempionu olublar.
Taekvondoçu Qaşim Maqomedov (58 kq), boksçu Loren Alfonso Dominges (92 kq) gümüş, yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kq) və sərbəst güləşçilər Giorgi Meşvildişvili (125 kq) ilə Maqomedxan Maqomedov (97 kq) bürünc medal qazanıblar.
Ölkəmiz medal sıralamasında Xorvatiya ilə birlikdə 30-31-ci yerləri bölüşdürüb.