Azərbaycan çempionu Belçikada oynayan milli üzvünü transfer etdi
Futzal üzrə Azərbaycan çempionu “Araz-Naxçıvan” 6 yeni oyunçu transfer edib.
mediasport.az xəbər verir ki, Yüksək Liqada qış fasiləsinə lider yollanan komanda heyətini gücləndirmək istiqamətində mühüm addımlar atıb.
Yayda Belçikanın “Gent Beşiktaş” klubuna keçən Xətai Bağırov və İsa Atayev yenidən “Araz-Naxçıvan”ın düşərgəsinə dönüblər. Cari mövsümün ilk iki dövrəsini “Neftçi” İK-da keçirən qapıçı Emin Kürdov da bundan sonra Joze Alesio Da Silvanın rəhbərliyi altında çıxış edəcək.
Ötən mövsüm U-19-un formasını geyinən, yayda isə Birinci Liqanın debütantı “Şamaxı”da çıxış edən Novruz Kazıxanov da son çempionla anlaşıb. Milli komandanın üzvü Amadeu “Araz-Naxçıvan”ın yeni transferlərindəndir. Braziliyalı Nata Felipe De Moraeş isə qışdan sonra Azərbaycan klubunda “stolb” kimi oynayacaq.
“Araz-Naxçıvan” bundan əvvəl Vitao, Vitinyo, Mikael Deon, David Qustavo, Pedro Torres və Sinesio ilə yollarını ayırıb.