Azərbaycan idmançısı Dünya Kubokunun finalına vəsiqə qazandı
Bakıda təşkil edilən idman gimnastikası üzrə Dünya Kubokunun ilk günündə Azərbaycan təmsilçilərindən yalnız Nikita Simonov uğurla çıxış edib.
mediasport.az xəbər verir ki, idmançımız təsnifatda halqalarla ən yaxşı nəticə göstərərək finala vəsiqə qazanıb.
Simonov 14,733 göstərici ilə təsnifatı birinci pillədə tamamlayıb. Azərbaycan millisinin digər üzvlərindən qadın gimnast Nazənin Teymurova dayaqlı tullanmada gücünü sınayıb. 16 yaşlı idmançı iki hərəkətin cəmində 12,449 xal toplayıb və 10-cu yeri tutub.
Tokio-2020 Yay Olimpiya Oyunlarının iştirakçısı İvan Tixonov paralel qollarda yarışıb. Onun hərəkəti 13,400 xalla qiymətləndirilib. 27 yaşlı gimnast 14-cü yerdə qərarlaşıb.
Samirə Qəhrəmanova isə martın 10-da mübarizəyə qoşulacaq.
İdman gimnastikası üzrə Dünya Kuboku martın 12-də başa çatacaq.