"Bakıya gəlməkdə məqsəd qələbə qazanmaqdır, təzyiqə də hazırıq"

"Bakıya gəlməkdə məqsəd qələbə qazanmaqdır, təzyiqə də hazırıq"

“Çempionlar Liqasının bütün mərhələlərində olduğu kimi, sabahkı matçda da penaltilərə hazırıq".

MediaSport.az xəbər verir ki, bu sözləri “Rakuv” klubunun baş məşqçisi David Şvarqa deyib.

33 yaşlı mütəxəssis UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində “Qarabağ”a qarşı keçirəcəkləri matçdan öncə jurnalistlər qarşısına çıxıb.

Gənc çalışdırıcı ilk matçdakı üstünlüyü qorumağa çalışacaqlarını detib:

"Sabah meydanda eyni gücə malik iki komanda olacaq. Hər iki komandanın özünəməxsus oyun üslubu var. Yanvarda "Qarabağ"la yoxlama görüşü keçirdiyimiz üçün onların potensialına daha yaxından bələd olduq. Görüşə tam hazırıq. "Rakuv"un oyununu sərgiləməyə çalışacağıq. Bakıya gəlməkdə məqsəd qələbə qazanmaqdır. İlk görüşdə minimal fərqlə qalib gəldik. Bu cür çətin oyunları artıq keçirmişik və bilirik ki, bizi nə gözləyir. Təzyiqə də hazırıq".

Şvarqa komandasının penaltilər seriyasına da hazır olduğunu bildirib: "Oyuna kompleks şəkildə hazırıq. Penalti seriyası olarsa, burada əsas güc qapıçının üzərinə düşəcək".

O, Ağdam təmsilçisinin ötən mövsüm Polşanın digər klubu “Lex”i 5:1 hesabı ilə məğlub etməsinin mənfi təsir göstərmədiyini vurğulayıb: “Qarabağ”ın Çempionlar Liqasındakı digər oyunlarını, həmçinin ötən mövsümkü matçlarını analiz etmişik. “Lex” “Rakuv”la tam fərqli gücə və oyun üslubuna malikdir. “Qarabağ”ın ötən mövsüm “Lex”i burada böyük hesabla məğlub etməsinin bizə heç bir təsiri olmayacaq”.

Qeyd edək ki, sabah Bakı Olimpiya Stadionunda keçiriləcək görüş 20:00-da başlanacaq.