Vitse-prezident Bakıda Özbəkistan yığmasının məqşini izləyib

Vitse-prezident Bakıda Özbəkistan yığmasının məqşini izləyib

Azərbaycan Ağırlıqqaldırma Federasiyasının vitse-prezidenti Firdovsi Umudov və digər rəsmi şəxslər Bakıda yeni istifadəyə verilmiş məşq bazasında Özbəkistan yığmasının təlim-toplanışını izləyiblər.

Mediasport.az xəbər verir ki, qurumun rəsmisi dünyada bu idman növü üzrə güclü ölkələrdən biri sayılan Özbəkistan millisinin nüfuzlu yarışlara hazırlaşmaq üçün Azərbaycanı seçməsinin müsbət hal olduğunu deyib. 

F.Umudov Azərbaycan idmançılarının da çıxışlarına toxunaraq, onların Bolqarıstandakı Avropa çempionatı və Tailanddakı Dünya Kubokunda yaxşı nəticələr qazanacaqlarına inandığını bildirib:

"Milli komandalarımız hazırda Türkiyədə məşqlərini davam etdirirlər. Qadınlardan ibarət yığma Ankarada, kişilər isə Çorum şəhərindədirlər. Məqsəd gələcəkdə idmançılarımızın təcrübələrinin artırılmasıdır".

Vitse-prezident ağırlıqqaldıranların şəraitini yaxşılaşdırmaq və idmançılarımızın beynəlxalq arenada uğur əldə etməsi üçün çalışdıqlarını vurğulayıb:

"Yeni bazanın istifadəyə verilməsi bir daha göstərir ki, dövlətimiz idmana diqqət və qayğı göstərir. Özbəkistan dünyada ağırlıqqaldırmada tanınmış komandadır. Belə məşq prosesləri ənənə halını alacaq. Hədəf və məqsəd kütləviliyi artırmaq, yeniyetmə və gənclərin məşq proseslərini düzgün şəkildə davam etdirməkdir".