Federasiyada qaliblərə medal və diplomlar təqdim olunub
Azərbaycan Şahmat Federasiyasında (AŞF) 2022-ci ilin yekunlarına həsr olunan görüş keçirilib.
mediasport.az xəbər verir ki, tədbirdə AŞF-in prezidenti, Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov, birinci vitse-prezident Faiq Həsənov, İcraiyyə Komitəsinin üzvləri Sərxan Həşimov, Cahangir Ağarəhimov, baş katib İlahə Qədimova iştirak ediblər.
Görüşdə əvvəlcə 2022-ci ildə əldə olunan uğurlardan danışılıb. Çıxış edən federasiya rəhbəri Mahir Məmmədov şahmatçıların qazandığı nailiyyətləri yüksək qiymətləndirib.
İclasda qeyd olunub ki, AŞF ölkə çempionatında bütün şahmatçıların iştirak etməsini arzulayır. Federasiya rəhbəri hər il Azərbaycan çempionatında mükafat fondunu artırmaqla güclü rəqabət yaratmağa səy göstərir.
AŞF-nin Birinci vitse-prezidenti Faiq Həsənov növbəti illərdə bütün şahmatçıların ölkə çempionatına qatılacağına ümid etdiyini söyləyib.
İcraiyyə Komitəsinin üzvü Sərxan Həşimov isə 2022-ci ilin nəticələrini belə dəyərləndirib: “2022 AŞF üçün yeni rəhbərlik və heyətlə ilk il oldu. Bu il federasiyanın büdcəsi artırıldı, tam şəffaflıq təmin olundu. Gələcək inkişaf strategiyası ilə bağlı mühüm addımlar atıldı. Ona görə 2022-ci ili kifayət qədər vacib dövr adlandırmaq olar. Bütün şahmatçılara növbəti yarışlarda uğurlar arzulayıram”.
Tədbirin sonunda rapid və blits üzrə Azərbaycan çempionatının qaliblərinə medal və diplomlar təqdim olunub.