Heç bir şahmatçımız "10-luğ"a düşə bilmədi - İyun reytinqi açıqlandı
Beynəlxalq Şahmat Federasiyası (FİDE) iyun ayı üçün reytinq cədvəlini açıqlayıb.
mediasport.az xəbər verir ki, ilk “10-luğ”a Azərbaycan şahmatçılarından heç biri düşməyib.
Ən yaxşı göstəricimiz Teymur Rəcəbovdadır ki, o da 2747 xalla 3 pillə geriləyərək 13-cü yerə enib. Şəhriyar Məmmədyarov (2740 xal) bir sıra irəliləyərək 15-ci mövqeyə yüksəlib. Qədir Hüseynov (2661) 3 pillə geriləməklə 83-cü olub, Rauf Məmmədov isə ümumiyyətlə "100-lüy"ü tərk edib.
Siyahıya yenə norveçli Maqnus Karlsen (2853) başçılıq edir. Fransanı təmsil edən iranəsilli Əlirza Firuzca (2786) ikinci, hazırkı dünya çempionu çinli Din Liren (2780) üçüncüdür.
Qadın şahmatçılardan Günay Məmmədzadə (2456) 25-ci, Ülviyyə Fətəliyeva (2401) 53-cü, Xanım Balacayeva (2368) 80-ci, Gülnar Məmmədova (2357) 85-ci, Gövhər Beydullayeva (2355) 89-cu pillədə qərarlaşıb.