Millimizin kapitanı: "İnanıram ki, Azərbaycan voleybolunu əvvəlki uğurlu dönəminə qaytara biləcəyik"
Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandasının kapitanı, Macarıstanın "Vaşaş" klubunun aparıcı üzvü, 3-qat Macarıstan çempionu və 3 dəfə Macarıstan Kubokunun qalibi adını qazanmış Ayşən Abduləzimova mediasport.az saytına müsahibə verib.
Ötən il Türkiyənin Konya şəhərində keçirilən İslam Həmrəyliyi Oyunlarında atletimiz Nazim Babayevlə birlikdə ölkəmizin bayraqdarlarından olmuş 30 yaşlı voleybolçu Azərbaycan Basketbol Liqasının final seriyasının "Sabah"la "Gəncə" arasında keçirilən 5-ci görüşündən sonra suallarımızı cavablandırıb.
Basketbolu bu qədər sevdiyinizi təsəvvür etmirdim, 1 dəqiqə dayanmadan azarkeşlik edirdiz...
- Əslində, tək basketbol yox, bütün idman növlərini sevirəm. Hansı komandada tanışım-dostum varsa, onları dəstəkləyirəm. Həyəcanı birlikdə yaşayıram, sanki onlarla meydanda oynayanlardan biri mənəm. Bu gün də Amil Həmzəyevi ("Gəncə" klubunun və milli komandamızın üzvü-red.) dəstəkləməyə gəlmişdim. 10 ildən çoxdur bir-birimizi tanıyırıq, yaxşı dostluq müansibətlərimiz var. Heyf ki, finalda məğlub oldular, amma çox gözəl oyun nümayiş etdirdilər.
Macarıstandan yeni qayıtmısız, "Vaşaş"da mövsümü titullarla başa vurduz. Karyeranızın geridə qalan daha bir mövsümünü necə dəyərləndirərdiz?
- Mövsüm bir qədər ağır və çətin keçdi. Oyunlarımızın sayı çox idi. Həm Çempionlar Liqası, həm Macarıstan çempionatı, həm də kubokda çıxış edirdik. Düşünürəm ki, Çempionlar Liqasında nəticə verə bilməsək də, çıxışlarımız, oyunlarımız yaxşı alındı. Daxili yarışda isə yenə də Macarıstan çempionatı və kubokda ən güclü komanda olduğumuzu sübut elədik. İnşallah, növbəti mövsüm yenidən Çempionlar Liqasında mübarizə aparacağıq. Ümid edirəm ki, bu dəfə daha uğurlu çıxış edəcəyik.
"Vaşaş"la müqaviləniz başa çatmışdı. Macarıstana qayıdacaqsız?
- Bəli, klubla yenidən müqavilə bağladım. Anlaşmamız 1 illik nəzərdə tutulub.
Məlum olduğu kimi, həm Azərbaycan Voleybol Federasiyasında, həm də milli komandanın baş məşqçi postunda dəyişikliklər baş verdi. Yeni rəhbərliklə danışığınız olub? Komandamızın yeni çalışdırıcısı Ataman Güneyligillə tanışlığınız var?
- Baş məşqçi ilə şəxsi tanışlığım yoxdur, amma Türkiyədə çıxış edəndə onun komandasına qarşı bir neçə dəfə oynamışam. Rəhbərliyə gəldikdə, mənimlə əlaqə saxlamışdılar. Danışdıq, fikir mübadiləsi apardıq. İnanıram ki, Azərbaycan voleybolunu əvvəlki uğurlu dönəminə qaytara biləcəyik.
Azərbaycanlı voleybol həvəskarları həqiqətən çox darıxıblar yığmanın uğurlu nəticələri üçün. Necə fikirləşirsiz, federasiya rəhbərliyi və məşqçi səviyyəsində aparılan köklü dəyişiklik voleybolumuza müsbət təsir edəcək?
- Buna çox inanırıq, çox güvənirik. Çünki komandaya baxsaq, oyunçularımızın əksəriyyəti legioner həyatı yaşayır. Demək olar, hamısı da klublarında mövsümü titulla başa vurublar, nəticə göstəriblər. Lakin milli komandada son illərdə nəticəmiz yoxdur. Bu il 10-cu dəfə Avropa çempionatının seçmə mərhələsində oynayacağıq. İlk məqsədimiz qrupdan çıxmaqdır. Ümidləri doğruldacağımıza inanıram.
Avropa çempionatı demişkən, seçmə mərhələ oyunları avqustun 18-də başlayır. Qrupdakı rəqiblərimiz barədə nə deyə bilərsiz?
- Rəqiblərimiz güclüdür, ildən-ilə artırırlar. Çünki hər yerdə gənc nəsil yetişir. Tək bizdə yox, dünyanın bütün voleybol ölkələrində istedadlı idmançılar çoxdur. Buna baxmayaraq, inanıram ki, qrupdan çıxacağıq. Bizim də komandamızda yetərincə potensialı olan istedadlı və təcrübəli voleybolçular var.
Legioner həyatı yaşayırsız. Qadınlardan ibarət Azərbaycan Voleybol Liqasını izləyirsiz?
- Vaxtım olduqca baxırdım. Hər turu izləmək imkanım olmurdu.
Kifayət qədər təcrübəli voleybolçu kimi, diqqətinizi çəkən yerli gənclər var?
- Bəli, var. Bu il onlar artıq B milli komandamıza da dəvət ediliblər. Hər halda əsas komandanın məşqçilər korpusu seçilən, istedadlı voleybolçuları A milli komandamıza cəlb edəcəklər. Onların yaxın illərdə komandamıza xeyir verəcəklərinə inamım böyükdür. Potensiallarına güvənirəm. Mən özüm də voleybola başlayanda bilmirdim ki, xaricdə oynayıb çoxlu uğurlar qazanacam.
Elvin