Kaşuk "Sabah"la vidalaşdı
Ötən mövsümü icarə əsasında "Sabah"da keçirmiş Donetsk "Şaxtyor"unun yarımmüdafiəçisi Aleksey Kaşuk Masazır klubu ilə vidalaşıb.
MediaSport.az xəbər verir ki, Ukrayna yığmasının futbolçusu bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
23 yaşlı Kaşuk qeyd edib: "Əla vaxt keçirdiyim, unudulmaz anlar və emosiyalar yaşadığım “Sabah”dan ayrılıram”.
Azərbaycan Premyer Liqasında 31 oyuna 16 qol vurmuş istedadlı yarımmüdafiəçi daha sonra bunları yazıb:
- Böyük komanda, böyük insanlarla vidalaşmaq çətin və emosional olur. “Sabah” rəhbərliyinə, məşqçilərinə, həkimlərə, fizioterapevtlərə, bütün klub işçilərinə təşəkkür edirəm. Onların sayəsində özümü çox sevilən və əziz hiss edirəm. Hər şeydən çox ötən il mənimlə paltardəyişmə otağını paylaşan futbolçuları qucaqlayıram. Təbii ki, həm meydanda, həm də ondan kənarda həmişə xüsusi sevgi və yaxınlıq hiss etdiyim azarkeşlərə minnətdarlıq etməyi də unutmuram.
Bir il birlikdə çox sevinc, xoşbəxtlik paylaşdıq. Klubun hədəflərinə çatmasına kömək etmək üçün gəlmişdim. Azarkeşlərin də dəstəyi ilə buna nail olduq. Ailəm və mən bu klubda, ölkədə gördüyümüz qarşılanmaya, sevgiyə görə sonsuza qədər minnətdar olacağıq.
Yollarımız ayrılsa da, özümü həmişə “Sabah” ailəsinin üzvü kimi hiss edirəm. Doğma “Sabah”ıma gələn mövsüm uğurlar arzulayıram. Mütləq yenidən görüşəcəyik. İndi məni yeni çağırış gözləyir. Ancaq həmişə bu klubu sevəcəyəm, dəstəkləyəcəyəm. Siz həmişə qəlbimdə qalacaqsınız. Çox sağ olun.