Mərhum jurnalist Elnur Əşrəfoğlunun kitabının təqdimatı keçirildi

Mərhum jurnalist Elnur Əşrəfoğlunun kitabının təqdimatı keçirildi

Azərbaycan Mətbuat Şurasında tanınmış idman jurnalisti, mərhum Elnur Əşrəfoğluna həsr olunmuş “Elnur Əşrəfoğlu xatirələrdə” kitabının təqdimat mərasimi keçirilib.

mediasport.az xəbər verir ki, tədbirdə MŞ sədri Rəşad Məcid bildirib ki, ötən il E.Əşrəfoğlunun vaxtsız vəfatı hər kəsi sarsıdıb, üzüntüyə və kədərə qərq edib. Buna görə təqdimatı keçirilən kitab həm təsəllidir, həm də jurnalistin ruhuna etiramdır. 

Çıxış edənlərdən MŞ İdarə Heyətinin üzvü, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin professoru Qulu Məhərrəmli, tanınmış telejurnalist Telli Pənahqızı, tanınmış naşir və şoumen, Azərbaycan Respublikasının əməkdar artisti Bəhram Bağırzadə, ATV telekanalının əməkdaşı Sənan Şəfizadə, kitabın hazırlanmasında əməyi keçən filologiya üzrə fəlsəfə doktoru Təranə Çərkəzqızı və digər qonaqlar mərhum jurnalisti peşəkar televiziyaçı, dost, yüksək mənəvi keyfiyyətləri ilə seçilmiş vətənpərvər, əsl ziyalı, mərd və bütöv xarakterə malik insan, gözəl ailə başçısı kimi xarakterizə edərək xatirə dolu fikirlərini bölüşüblər. 

Toplantıda Elnur Əşrəfoğlunun adının əbədiləşdirilməsi məqsədilə idman jurnalistləri üçün nəzərdə tutulacaq mükafatın təsis edilməsinə dair təklif yekdilliklə bəyənilib, mövcud istiqamətdə işlərin aparılmasının, prosesə Mətbuat Şurasının da dəstək verməsinin zəruriliyi vurğulanıb.

Mərhum jurnalistin atası Əşrəf Şükürov, həyat yoldaşı İlahə Şükürova onun xatirəsinə dəyər verdikləri üçün tədbir iştirakçılarına təşəkkürlərini çatdırıblar. 

Elnur Əşrəf oğlu Şükürov 19 iyun 1974-cü ildə Mingəçevir şəhərində anadan olub. BDU-nun Beynəlxalq əlaqələr və beynəlxalq jurnalistika fakültəsini bitirib. 1992-1993-cü illərdə “525-ci qəzet”də müxbir işləyib. 1993-cü ildən 2010-cu ilədək Azərbaycan Televiziyasında müxbirlikdən baş redaktorluğa qədər fəaliyyət yolu keçib. 1997-ci ildə İdman Jurnalistləri Asssosiasiyasının ilk üzvlərindən olub. Yay və qış olimpiya oyunlarında Azərbaycandan təyin olunmuş jurnalist kimi iştirak edib. 

Milli Olimpiya Komitəsinin üzvü kimi də fəaliyyət göstərmiş E.Əşrəfoğlu 2010-cu ildə “Neftçi” İdman Klubunun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri vəzifəsini tutub. 2011-2012-ci illərdə “Space TV”də İdman departamentinin rəhbəri olub. 2015-ci ildən həyatını Azərbaycan Cüdo Federasiyası ilə bağlayıb. Burada əvvəlcə Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri, 2018-ci ildən başlayaraq isə qurumun baş katibinin müavini vəzifələrində çalışıb. E.Əşrəfoğlu 2021-ci ilin oktyabrın 19-da COVID-19 xəstəliyindən dünyasını dəyişib.