Məşhur voleybolçularımızın bölgə səfərləri start götürüb
Azərbaycan Voleybol Federasiyası bölgələrdə voleybolun inkişafı və populyarlığının artırılması istiqamətində tədbirləri davam etdirir.
Federasiyadan Mediasport.az saytına verilən məlumata görə, bu tədbirlər çərçivəsində tanınmış voleybolçuların bölgələrə səfərləri təşkil olunub.
İlk səfər çərçivəsində veteran voleybolçularımız Alla Həsənova, Oksana Məmmədyarova, Yelena Parxomenko, həmçinin qadınlardan ibarət millimizin üzvü Polina Rəhimova, yeniyetmə və gənclərdən ibarət milli komandaların rəhbəri Şahin Çatma və federasiyanın digər əməkdaşları Şəki şəhərində olublar.
Voleybolçularımızın Şəki Olimpiya və İdman Kompleksində uşaq, yeniyetmə idmançılarla və onların məşqçiləri ilə görüşü təşkil edilib. Onlar yeniyetmə voleybolçulara bu idman növünün tarixi haqqında, eləcə də texniki-taktiki məlumatlar veriblər, ardınca uşaqların məşqinə baxış keçirilib. Sonda böyük diqqət və maraqla qarşılanan voleybolçularımız uşaqlarla xatirə şəkilləri çəkdiriblər, imzalanmış formalar və toplar hədiyyə olunub.
Qeyd edək ki, voleybolçularımızın növbəti belə görüşü 9-10 sentyabrda Tovuz və Gəncə şəhərlərində təşkil olunacaq.