Milli komandamızın yeni legioneri ümidləri doğrultmayıb? - AÇIQLAMA

Milli komandamızın yeni legioneri ümidləri doğrultmayıb? - AÇIQLAMA

İlin əvvəlində qadınlardan ibarət güləş yığmamızın heyətinə cəlb edilən İlona Didyak Semkivdən xəbər yoxdur. Yeni milliləşdirilmiş 29 yaşlı güləşçinin ictimaiyyətə təqdim olunacağı gözlənilsə də, bu, baş vermədi. Üstəlik, onun ötən ay Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında da çıxış edəcəyi deyilirdi. Amma İlona ümumiyyətlə, heyətdə yer almadı.

Belədə bəzi suallar yaranır. Ukraynalı niyə gözə dəymir? Olmaya, ümidləri doğrultmayıb? mediasport.az saytının sualını Azərbaycan Güləş Federasiyasının mətbuat katibi Sərxan Musalı cavablandırdı. Qurum rəsmisi bildirdi ki, Didyak hazırda yığmanın düşərgəsindədir:

"İlona bir müddətdir ki, milli komandanın tərkibində təlim-məşq toplanışında iştirak edir. Onun beynəlxalq yarışlarda ölkəmizi 53 kq-da təmsil etməsi gözlənilir. Ancaq bu çəkidə başqa yerli güləşçilərimiz də var. Türkan Nəsirova ilə yanaşı, gənc Ruzanna Məmmədova da bu kateqoriyada çıxış edə bilər. Üstəlik, ötən il Dünya çempionatından sonra əməliyyat olunan Leyla Qurbanovanın da düşərgəyə qayıdışı gözlənilir. Belə olsa, bu çəkidə rəqabət güclənəcək. Belədə məşqçilər korpusu təlim-məşq proseslərində kimin özünü yaxşı tərəfdən göstərməsinə baxacaq. Bəlkə seçim məqsədilə yoxlama görüşləri də keçiriləcək. Hər halda buna məşqçilər qərar verəcək. Bu gün üçün dəqiq bəlli olan budur ki, Didyak yığma komandamızın üzvüdür".

Bildirək ki, Lvov güləş məktəbinin yetirməsi 2018-ci ilə qədər Ukrayna millisinin şərəfini qoruyub. Avropa ikincisi 2018-ci ildə antidopinq qaydalarını pozduğuna görə peşəkar idman karyerasından 4 il diskvalifikasiya olunub.