"Qarabağ" "Bakı"ya məğlub olub, “Kür”dən ardıcıl 4-cü qələbə
Həndbol üzrə Azərbaycan çempionatında 4-cü tura yekun vurulub.
Mediasport.az xəbər verir ki, son oyun günündə kişilər arasında 2, qadınlarda isə 1 matç keçirilib.
Kişilərin çempionatında “Kür” ardıcıl 4-cü qələbəsini qazanıb. Lider komanda bu dəfə “Azəryol”u üstələyib. Müqavimətlə üzləşməsinə baxmayaraq, “Kür” rəqibini 32:25 hesabı ilə məğlub etməyi bacarıb.
“Qarabağ”la “Bakı”nın duelindən isə ikincilər üstün ayrılıblar - 25:24. “Bakı” turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.
Qadınların mübarizəsində isə liderlər qrupunda yer alan “Kür” autsayder “Gənclər Birliyi”nə heç bir şans verməyib – 49:15.
Qeyd edək ki, qadınların liqasında turun əvvəlki oyunları dekabrın 2-də keçirilib.
Həmin gün “Qarabağ” “İdman Akademiyası”nı (43:16), “Azəryol” “Bakı”nı (42:7) məğlub edib.