"Neftçi"nin üzvü: "Qarabağ"la oyunlarda da 3 xal üçün mübarizə aparacağıq"
"Neftçi"nin müdafiəçisi Yuri Matias Mediasport.az saytına müsahibə verib...
Mövsümdə ilk qələbəniz “Qəbələ” ilə görüşə təsadüf etdi. Ümumilikdə oyun haqqında fikirlərin maraqlıdır.
- Çətin keçəcəyini bilirdik. Mövsümdə ilk qələbəmizi qazandıq. Komandamı qələbə münasibəti ilə təbrik edirəm. Çünki meydanda yaxşı iş gördük. Hərtərəfli hazırlaşmışdıq ki, qalib gələk.
Buna qədər qələbə qazana bilməməyinizin səbəbi nə idi?
- Yeni oyunçular çoxdur. Gec gələnlər də var. Baş məşqçimiz də təzədir. Hər şey yenidir. Amma bu mövsüm addım-addım, oyun-oyun nəticələrimizi daha da yaxşılaşdıracağıq.
Demək olar ki, komandaya artıq uyğunlaşmısan?
- Bəli, mən uyğunlaşmışam. Komanda yoldaşlarıma da kömək oluram ki, uyğunlaşsınlar. Komandaya liderlik etməyi istəyirəm. Qol da vurum. Qollarımın davamın gəlməsini istəyirəm.
Sanki liderlik etməyin alınır. Azarkeşlər də bunu istəyir...
- Çox sağolun, bunu yüksək qiymətləndirirəm. Liderliyi təbii olaraq edirəm. Şou üçün etmirəm. Hiss edirəm ki, bunu komanda yoldaşlarıma da aşılaya bilirəm. Bu, komandaya yaxşı təsir edir.
Demək olar ki, bu qələbədən sonra “Neftçi” relsə düşəcək, yoxsa bir müddət də lazımdır?
- Bunu indidən demək çətindir. Çalışacağıq ki, qələbələrin davamı gəlsin. İndi dəqiq deyə bilmərəm ki, qələbələr davam edəcək. Milli komandalara görə ölkə çempionatında fasilə yaranacaq. Tam relsə düşmək üçün bu fasiləni gözləyirik.
Ölkə çempionatının səviyyəsi haqda hansı fikirdəsən? “Qarabağ” və “Sabah” haqda məlumatlısan?
- Hamısını bilirəm, hamısını tanıyıram. Çünki hamısını izləyirəm. Hətta bütün oyunçuları tanıyıram. Çempionatda çox güclü komandalar var. Amma rəqiblərə baxmayaraq, birinci yerdə olmaq üçün əlimizdən gələni edəcəyik.
Real götürsək, bəs bu mövsüm üçün əsas məqsəd nədir?
- “Neftçi”də hər şey yüksək səviyyədədir. Bunun üçün birinic pillədə olmalıyıq. Lakin addım-addım davam etməliyik. Məqsədimiz ilk pillədə olmaqdır. Sadəcə, oyun-oyun.
“Qarabağ” haqda nə düşünürsən?
- Bilirəm ki, yaxşı komandadır. Amma çalışmalıyıq ki, onlarla başabaş mübarizə aparaq. “Qarabağ”la oyunlarda da üç xal üçün mübarizə aparacağıq.
Avrokuboklarla müqayisədə çempionat görüşlərində azarkeş çox az olur. Bu, sizə mənfi təsir edir? Onlara nə demək istəyirsən ki, stadionlara gəlsinlər?
- Düz deyirsiz, çox böyük fərq var. Başqa Avropa ölkələrində də belədir. Özüm də oynamışam, bilirəm. İnanın ki, Avropada da avrokubok matçlarına daha çox adam gəlir, nəinki avrokubok görüşlərinə Amma yaxşı oynasaq, azarkeşlər stadionu getdikcə doldurmağa başlayacaqlar.