"Üstünlüyü qorumaq çətin olsa da, bunun üçün çalışacağıq"
"Hazırda Azərbaycan voleybolunda böyük intibah dövrüdür. Ölkə çempionatının, yığmalarımızın ən azı əvvəlki dövrünə qayıdacağını, hətta ondan irəli gedəcəyinə ümid edirik. Niyyətimiz və yolumuz da budur".
Mediasport.az xəbər verir ki, bu sözləri "Azərreyl"in prezidenti Orxan Kərimov klubun mətbuat xidmətinə müsahibəsində deyib.
O, komandanın bu mövsümdəki çıxışını dəyərləndirib:
“Mövsüm enişli və yoxuşlu, fərqli alındı. Avrokubok matçımızda Ukraynanın “Balta” klubuna hər iki oyunda qalib gəldik. Sonra ölkə çempionatının açılış matçında məğlub olduq. Ardınca Çağırış Kubokunda İspaniya “Avarka de Menorka”sı üzərində evdə qələbə qazansaq da, səfərdə uduzduq və avrokubokla vidalaşdıq.
Daha sonra yerli çempionatda qələbələrimiz də, məğlubiyyətlərimiz də olub. Düzdür, hazırda turnir cədvəlində birinci pillədəyik. Amma çox gərgin mübarizə gedir. Üstünlüyü qorumaq çətin olsa da, bunun üçün çalışacağıq. Çünki rəqiblərimiz də güclüdür. Ən yaxın izləyicilərimiz “Murov AZ Terminal” və “Abşeron” güclü heyətə malikdir, yaxşı oyun göstərirlər. Onlara qarşı mübarizə aparmaq heç də asan deyil. Rəqabətin olmasına sevinirik. Çünki bu, inkişaf deməkdir və ölkə voleybolunun yüksəlməsinə töhfə verəcək”.
Orxan Kərimov müəyyən fasilədən sonra Yüksək Liqaya qayıdan kişi voleybolçulardan ibarət “Azərreyl”in oyunundan da bəhs edib:
“Komandanın Azərbaycan çempionatında debütü 2019/2020 mövsümünə təsadüf edib. Amma həmin vaxt pandemiya ilə əlaqədar yarış başa çatmadı. Bundan sonra 2023-cü ildə yeni komanda formalaşdırdıq. Öncə yaradılan komanda yerli gənclərdən qurulmuşdusa, bu dəfə həm azərbaycanlı, həm də legionerlərdən təşkil olunub.
Hazırda yaxşı oyun göstərirlər. Gözlədiyimizdən də yaxşı nəticə göstərirlər, yanvardan etibarən bu komanda da turnir cədvəlində liderdir. Burada da ən yaxın izləyicimiz “Murov AZ Terminal”dır. Çox güclü rəqibdir, son bir neçə ilin Azərbaycan çempionudur. Oturuşmuş heyətə malikdirlər. Bu səbəbdən üstünlükləri də voleybolçuların bir-birini yaxşı başa düşməsidir. Biz isə çox yeni komandayıq və çalışırıq ki, kişilərin Yüksək Liqasında da çempion olaq”.
"Azərreyl"in prezidenti aşağı yaş qruplarında da işlərin olduqca intensiv getdiyini diqqətə çatdırıb:
“Bu, istər oğlan, istərsə də qızlardan ibarət komandalara aiddir. Hər iki kateqoriyada U-16-lar arasında Azərbaycan çempionatı keçirilir. 4 komanda ilə təmsil olunduğumuz qızlar arasında birincilikdə “Azərreyl-1”, “Azərreyl-2” və “Azərreyl-3” pley-off mərhələsinə qədər irəliləyib.
Onlardan birinci komandamız artıq yarımfinala vəsiqəni rəsmiləşdirib. Oğlanların yarışında isə 1 komanda ilə təmsil olunmuşuq, hələlik 3 matç keçirmişik və hər birində “quru hesabla” qalib gəlmişik. Həmin birincilikdə də şansımızı yüksək dəyərləndirirəm.
Həmçinin “Azərreyl” klubu olaraq federasiya ilə birgə “Gənclər turniri” təşkil etmişik. Kişilərdən ibarət komandalarda legionerlər üstünlük təşkil etdiyi üçün yerli gənc voleybolçular az şans qazanır. Bu səbəbdən də oğlanlar arasında belə yarış keçirilir ki, onların inkişafı sürətlənsin.
İstərdik ki, yeni mövsümlərdə ölkə çempionatları ilə yanaşı, gənclər liqası da formalaşdırılsın. Gənclər burada lazımi formanı yığa bilsinlər. Hazırda uşaq voleyboluna böyük diqqət ayırırıq. Müvafiq ləvazimatlarla, şəraitlə təmin edilirlər. Onlar həm klubumuz üçün, həm də milli komanda üçün bizim gələcəyimizdir.
Uşaq voleybolunun inkişafı ilə bağlı tək “Azərreyl”də deyil, digər klublarda da böyük işlər görülür. Bu, çox xoşdur. Çünki artıq sabaha böyük ümidlərlə baxırıq. Gələcək dedikdə, minimum 5 il lazımdır. Hətta 7-8 ildən sonra daha çox öz bəhrəsini verəcək”.