"Əhval-ruhiyyəmiz yüksək səviyyədədir, matça tam hazırıq"
"Macarıstanla oyunun çox ağır keçdiyini deməliyəm. Güclü rəqib idilər. Sonadək vuruşub xal almağı bacardıq".
Bu sözləri Mediasport.az saytına açıqlamasında qadınlardan ibarət Azərbaycan milli komandasının futbolçusu Nigar Mirəzliyeva deyib.
22 yaşlı müdafiəçi Avropa çempionatının B Liqasının 1-ci qrupunda Macarıstanla səfərdə keçirilmiş (1:1), sabah isə İsveçrə ilə Bakıda baş tutacaq matçlar haqqında düşüncələrini bölüşüb:
"Macarıstan həqiqətən yaxşı komandadır. Buna baxmayaraq, baş məşqçinin tapşırıqlarını yerinə yetirib səfərdən xalla qayıtdıq. Hətta qələbə də qazana bilərdik, lakin şanslarımızdan yararlana bilmədik. İsveçrə ilə qarşılaşmaya gəlincə, bu da çətin görüş olacaq. Bizim vəzifəmiz var gücümüzlə sona qədər vuruşmaq, mübarizə aparmaqdır. İnanıram ki, yaxşı nəticə əldə edə biləcəyik. Komandada əhval-ruhiyyə yüksək səviyyədədir, matça tam hazırıq. Əsas hədəfimiz B Liqasında qalıb çıxışlarımızı burada davam etdirməkdir".
Karyerasını Rusiyanın "Zenit" klubunda davam etdirən Mirzəliyeva Sankt-Peterburq təmsilçisi ilə müqaviləni yeniləməyə hazırlaşdığını bildirib:
"Rusiya klubu ilə müqaviləmiz bu il başa çatacaq. Amma komandam mənə yeni anlaşma təklif edib. Düşünüb qərar verəcəm. Böyük ehtimal, "Zenit"lə yeni müqavilə bağlayacam".
Qeyd edək ki, tarixində ilk dəfə B Liqasına yüksələn milli komandamız sabah İsveçrəni qəbul edəcək və 16:00-da başlanacaq duel Mərdəkanda "Liv Bona Dea" arenada keçiriləcək.
Qrupdakı digər rəqibimiz Türkiyə yığması ilə görüş isə yayda olacaq.