Zəfərin mübarək, Azərbaycan!

Zəfərin mübarək, Azərbaycan!

Bu gün Azərbaycan xalqı 2020-ci ildə şanlı ordumuzun Qarabağda qazandığı tarixi Qələbəni - Zəfər Gününü qeyd edir.

Zəfər Günü Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı sərəncamla təsis edilib.

Azərbaycan Ordusu 2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatına və növbəti hərbi təcavüzünə cavab olaraq, torpaqlarımızın işğaldan qurtarılması, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinin yerinə yetirilməsi, məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması və ədalətin bərpası üçün Vətən müharibəsinə başladı.

44 gün davam edən döyüşlər zamanı rəşadətli Azərbaycan Ordusu 5 şəhər, 4 qəsəbə və 286 kəndi işğaldan azad edib.

Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəklik, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəklik düşməndən təmizlənib.

10 noyabr Sülh bəyanatına əsasən, Ağdam, Kəlbəcər və Laçın rayonları döyüşsüz Azərbaycana qaytarılıb.

2023-cü il sentyabrın 19-da isə Azərbaycanın Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması və Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərksilah edilərək torpaqlarımızdan çıxarılması, həmin ərazilərdə Azərbaycan Respublikası Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə cəmi 23 saat aparılan antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikasının suverenliyi tam bərpa edilib.

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, noyabrın 8-də azad edilmiş inci-mirvarimiz Şuşa şəhərinin xilas edildiyi tarixə uyğun olaraq, Zəfər Gününün noyabrın 8-də qeyd edilməsi qərar alınıb.

Allah şəhidlərimizə rəhmət eləsin!

Zəfərimiz mübarək!