Daha bir idmançımız Avropa çempionatında medal qazandı

Daha bir idmançımız Avropa çempionatında medal qazandı

Rumıniyanın paytaxtı Buxarestdə keçirilən yaşı 20 və 23-ə qədər olan gənclər arasında ağır atletika üzrə Avropa birinciliyi davam edir.

MediaSport.az xəbər verir ki, Azərbaycan idmançılarından Füqan Əliyev körpücük üzərinə çıxıb. O, yaşı 23-ə qədər olan atletlər arasında 81 kq çəki dərəcəsində qüvvəsini sınayıb.

Atletimiz birdən qaldırma hərəkətində 138 kq-ı ram edib və bu hərəkətdə 9-cu yeri tutub. F.Əliyev təkanla qaldırma hərəkətində uğurlu çıxış edib.

O, 179 kq-ı qaldırıb və bu hərəkətdə Avropa birinciliyinin gümüş medalını qazanıb. Toplam 317 kq (138+179) nəticə göstərən Füqan yekun sıralamada 4-cü yeri tutub.

Qeyd edək ki, Ömər Cavadov yaşı 23-ə qədər olan atletlər arasında 73 kq çəki dərəcəsində birdən qaldırma hərəkətində 152 kq-ı ram edib və bu hərəkətdə Avropa çempionu olub.

Cavadov təkanla qaldırma hərəkətində 165 kq-ı qaldırıb və bu hərəkətdə 4-cü olub. Toplam 317 kq (152+165) nəticə göstərən Ömər yekun sıralamada da 4-cü yeri tutub.

34 ölkədən 394 atletin (187 qadın və 207 kişi) iştirak etdiyi yarış avqustun 3-ndə yekunlaşacaq.