Azərbaycan yığmasının keçmiş üzvü karyerasını başa vurdu - SON QƏRAR

Azərbaycan yığmasının keçmiş üzvü karyerasını başa vurdu - SON QƏRAR

Son olaraq Premyer Liqada "Şamaxı"da çıxış etmiş Elvin Məmmədov futbolçu karyerasını başa vurub.

Azərbaycan milli komandasının keçmiş yarımmüdafiəçisi MediaSport.az saytına açıqlamasında düşünüb yekun qərarını verdiyini deyib.

35 yaşlı futbolçu məşqçiliyə başlamağı planlaşdırır:

"Qismət buraya qədərmiş. Çox düşündüm, götür-qoy elədim, konkret ciddi bir təklif olmayınca karyeramı başa vurmağa qərar verdim. Bu illər ərzində enişli-yoxuşlu yolum, zədələrim, yaxşı oyunlarım oldu, ölkəmizin bir nömrəli komandasına yüksəlmək şərəfinə çatdım. Bacardığım qədər Azərbaycan futboluna xeyir verməyə çalışdım. Bu günə qədər mənə dəstək olan bütün insanlara təşəkkürümü bildirirəm. Oxumağa başlayacam, məşqçilik tamam fərqli sahədir. İnşallah, təcrübəli mütəxəssislərimizdən hansınınsa yanında işləyib öyrənər, təcrübəmi artıraram".

Qeyd edək ki, Elvin Məmmədov Tovuz futbolunun yetirməsidir. Müxtəlif illərdə "İnter" (indiki "Şamaxı"), "Qarabağ", "Bakı", "Zirə", "Qəbələ" və "Sumqayıt" klublarında oynayıb. Bütün yaş qrupları üzrə millilərdə forma geyinmiş Məmmədov əsas yığmada 37 oyun keçirib, 7 qol vurub.