Riçard Almeyda futbol üzrə Azərbaycan millisindən getdi - FOTO
"Qarabağ”ın yarımmüdafiəçisi Riçard Almeyda Azərbaycan yığmasındakı karyerasını başa vurub.
mediasport.az xəbər verir ki, futbolçu bu barədə instaqram hesabında paylaşım edib.
“Azərbaycana, “Qarabağ”a 2012-ci ildə gəlmişəm. Bu ölkəni, onun insanlarını sevdim, tez uyğunlaşdım. İllər keçdi və millidə oynamaq imkanım oldu. Qurban Qurbanov söhbətində mənə dedi ki, “əgər sən həqiqətən də bütün ürəyinlə millidə oynamaq istəyirsənsə, o zaman başqa amillərə fikir vermə. Qərarını sevgi ilə verməlisən“. Milli komandanı pula görə yox, bu ölkəni və xalqını sevdiyim üçün seçdim.
Düşünürəm ki, artıq vaxt yetişib. Çox fikirləşdikdən sonra bu qərarı verdim. Milli komanda ilə vidalaşmalı olduğum gün gəldi... 6 il milli formanı qürurla geyinmişəm, bu hekayənin hər səhifəsi mənim üçün özəldir, bu anları heç vaxt unutmayacağam və həmişə ürəyimdə saxlayacağam. Qurban Qurbanov, Robert Prosineçki, Nikola Yurçeviç, Canni De Byaziyə, eləcə də millinin digər məşqçilərinə əməkdaşlığa görə təşəkkür edirəm. Bu illər ərzində hər kəsdən çox şey öyrəndim. Bütün keçmiş və indiki komanda yoldaşlarıma milli komandada olan unudulmaz macəraya görə təşəkkür edirəm. Hər zaman millinin yanında olan azarkeşlərə təşəkkür edirəm! Biz həmişə sizin dəstəyinizi hiss edirik. Siz hər şeyin ən yaxşısına layiqsiz! Biz eniş və yoxuşları, qələbə və məğlubiyyətləri, xoşbəxtlik və kədəri birlikdə paylaşırıq! Ümid edirəm ki, bundan sonra da belə olacaq...
Hörmətli azarkeşlər, mən milli oyunların həyəcanını daha meydanda yox, sizin sıralarınızda yaşayacağam. Hazırda bütün qüvvəmi məni sizlərdən birinə çevirən “Qarabağ”a sərf etmək istəyirəm. Növbəti oyunlarda milli komandaya uğurlar. İnanıram ki, komandamız daha yaxşı nəticələr qazanacaq və azarkeşləri sevindirəcək. Milli komandamızın çılğın azarkeşi olmağa davam edəcəyəm. Mən Azərbaycanı və bu ölkənin xalqını çox sevirəm. Sən həmişə mənim ürəyimdəsən. Mən səni sevirəm, Azərbaycan”.