"Bakıdakı DÇ üçün 30-dan çox ölkə müraciət edib, biri də Ermənistandır"
Atıcılıq üzrə Ermənistan yığma komandasının baş məşqçisi Seyran Nikoqosyan yerli mətbuata açıqlamasında avqustda Bakıda keçiriləcək dünya çempionatında iştirak etmək istədiklərini bildirib.
O, deyib ki, iştirakla bağlı rəsmi müraciət ediblər və əgər Azərbaycan hökuməti təhlükəsizliyə zəmanət versə, 15 nəfərdən ibarət heyətlə paytaxtımıza gəlməyə hazırdırlar.
Azərbaycan İdman Atıcılığı Federasiyasından mediasport.az saytına bildirilib ki, mundialla bağlı indiyədək 30-dan çox ölkə rəsmi müraciət edib:
“Dünya çempionatının başlanmasına təxminən 2 ay vaxt qalsa da, artıq 32 dövlət bizə müraciət ünvanlayıb. Onlardan biri də Ermənistandır. İştirak üçün formanı doldurub göndərən bütün komandalara verilən standart cavab eynilə onlara da verilib".
Azərbaycan İdman Atıcılığı Federasiyasından qeyd edilib ki, bu il Bakıda 2-ci dəfə Beynəlxalq Atıcılıq İdman Federasiyasının dünya kuboku uğrunda yarışda 60-dan çox ölkədən 1000-dən artıq təmsilçinin təhlükəsizliyi ən yüksək səviyyədə təmin olunub. Çempionatının Azərbaycanda keçirilməsi ölkəmizə, mötəbər yarışların təşkilində təcrübəsinə olan etimaddan irəli gəlir.