BOK-un metodiki vəsaitləri Azərbaycan dilinə tərcümə edildi
![BOK-un metodiki vəsaitləri Azərbaycan dilinə tərcümə edildi](https://mediasport.az/uploads/images/202502/image_750x_67a60dccb893c.jpg)
Milli Olimpiya Komitəsində (MOK) “Beynəlxalq Olimpiya Komitəsinin idmançıların psixi sağlamlığı və təhlükəsizliyinə dair metodiki vəsaitlərin təqdimatı” mövzusunda seminar keçirilib.
Mediasport.az xəbər verir ki, əvvəlcə Milli Olimpiya Komitəsinin idman şöbəsinin baş məsləhətçisi, “Təhlükəsiz idman” üzrə Beynəlxalq Olimpiya Komitəsinin (IOC) setifikatlaşdırılmış mütəxəssisi Vaqif Əliyev idmançıların psixi sağlamlığı və təhlükəsizliyinə dair metodiki vəsaitlər barədə məlumat verib.
O, “Təhlükəsiz idman”ın idman siyasətində yeri və rolu, bu istiqamətdə görülmüş işlərdən danışıb.
Federasiyaların bu sahədə mümkün qədər maarifləndirilməsinin vacibliyinə toxunan V.Əliyev “İdmançıların idmanda qısnama və zorakılıqdan müdafiəsi”, “Beynəlxalq Olimpiya Komitəsinin elit idmançıların psixi sağlamlığı”, “İdmanda böyüklərin beynəlxalq müdafiə təminatlarının hazırlanması”, “İdmanda uşaqların beynəlxalq müdafiə təminatları” adlı metodiki vəsaitlərin bu mövzuda əhəmiyyətli olacağını bildirib.
O, hazırlanan vəsaitlərin Azərbaycan və rus dillərində tərcümə olunduğunu deyib.
Azərbaycan Cüdo Federasiyasının təhsil şöbəsinin müdiri Orxan Oruczadə hazırlanan vəsaitlərin vacibliyini, elit idmançıların psixi sağlamlığının və hazırlığının əhəmiyyətini qeyd edib.
Vəsaitin federasiyalar, məşqçilər və həkimlər üçün faydalı olacağını bildirən federasiya nümayəndəsi psixi sağlamlığın simptomları və dəyişiklikləri barədə də danışıb. Qeyd olunub ki, vəsait belə problemləri müşahidə edib, aradan qaldırmaqda və ilkin psixoloji yardımın həyata keçirilməsində böyük kömək olacaq.
Tədbirin sonunda federasiya nümayəndələrinin sualları cavablandırılıb.