Azərbaycan birinciliyi: Stolüstü tennis üzrə qaliblər müəyyənləşdi

  Azərbaycan birinciliyi: Stolüstü tennis üzrə qaliblər müəyyənləşdi

Stolüstü tennis üzrə ölkə birinciliyinə yekun vurulub.

Mediasport.az xəbər verir ki, Quba Olimpiya İdman Kompleksində təşkil olunan yarışda 2012-ci il və daha kiçik təvəllüdlü idmançılar mübarizə aparıblar. Üç gün davam edən yarışda paytaxt Bakı ilə yanaşı, Sumqayıt, Salyan, Şirvan, Quba, Qobustan, Şamaxı, Şabran, Qax və Şəkidən ümumilikdə 100-dən artıq stolüstü tennisçi qələbə uğrunda yarışıb.

Nəticələrə əsasən, şəxsi yarışlarda Xədicə Babazadə ilə Vaqif Babayev ölkə çempionu olub. Qoşa mübarizədən Sofiya Trofimenko - Xədicə Babazadə tandemi ilə Vaqif Babayev - Zərbah Muradov cütü qalib ayrılıb.

Qarışıq qoşa növündə isə Vaqif Babayevlə Xədicə Babazadə bütün rəqiblərinə qalib gəliblər.

Fəxri kürsüyə qalxan idmançılara Azərbaycan Gənclər və İdman Nazirliyinin diplom və medalları, həmçinin, Azərbaycan Stolüstü Tennis Federasiyasının hədiyyələri təqdim olunub.