"Meydana uduzmağa çıxmırıq - Bacardığımız bu olub" - EMİN
Azərbaycan milli komandasının kapitanı Emin Mahmudov Avro-2024-ün seçmə mərhələsinin İsveçlə oyunundan əvvəl keçirilən mətbuat konfransında iştirak edib.
Mediasport.az xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi qarşılaşma haqda danışıb və jurnalistlərin suallarını cavablandırıb:
- Bizi yaxşı komandaya qarşı oyun gözləyir. Çalışacağıq ki, maksimumu edib yaxşı nəticə qazanaq. Əlimizdən gələni edəcəyik.
Hər dəfə deyirsiz ki, yaxşı oynayacağıq. Söz verə bilərsiz ki, sabah qalib gələcəksiz?
- Biz hər oyuna qələbə üçün çıxırıq. Çalışırıq əlimizdən gələni edək. Çətin rəqiblərə qarşı oynayırıq. Rəqib Belçika, Avstriyadır deyə meydana uduzmağa çıxmırıq. Bacardığımız bu olub. Sabah da yaxşı nəticə üçün çalışacağıq.
Qrupda ən ağır məğlubiyyəti İsveçdən almışıq. Rəqibin də qrupdan çıxmaq şansı yoxdur Bu, bizim xeyrimizə ola bilər?
- Birinci oyunun nəticəsi bizə pis təsir etdi. 60 dəqiqə çalışdıq ki, oyunumuzu göstərək. Top bizdə idi, hücumlar qururduq. Amma sonda ağır məğlubiyyət oldu. Sabah bunun əvəzini çıxmalıyıq. Meydana qələbə üçün çıxacağıq.
İlk oyunda hansı səhvləri etdiyinizi bilirsiz?
- Rəqibin bəzi oyunçularının keyfiyyəti çox üstündir. İsveçin İsak, Forsberq kimi futbolçuları var. Onlara mane olmağa, daha yaxın oynamağa çalışacağıq.