Heydər Əliyevin 100 illik yubileyi münasibətilə festival keçiriləcək

Heydər Əliyevin 100 illik yubileyi münasibətilə festival keçiriləcək

Noyabrın 5-dən 8-dək Azərbaycan Atçılıq Federasiyasının təşkilatçılığı ilə Binə Atçılıq Mərkəzində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Milli Atçılıq Festivalı keçiriləcək.

Mediasport.az xəbər verir ki, festivalda yalnız milli cins atların (Qarabağ və Dilbaz növ) iştirakı ilə çövkən çempionatı, cıdır yarışları və yorğa qaçışları təşkil olunacaq.

Noyabrın 5-də açılış mərasiminin ardınca çövkən üzrə dünya çempionatının ilk 3 oyunu baş tutacaq. Çövkən çempionatında Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Polşa və Mərakeş milliləri iştirak edəcəklər.

Noyabrın 7-də saat cıdır və yorğa qaçışlarına start veriləcək. Qaçışlar Binə Atçılıq Mərkəzinin cıdır yolunda təşkil olunacaq. 6 yorğa qaçışı və 5 cıdır qaçışı olmaqla, ümumilikdə, 11 qaçışda iştirakçılar kuboklar uğrunda mübarizə aparacaqlar.

Kubok adları işğaldan azad olunmuş 11 xüsusi ərazinin adı ilə adlandırılıb. Günün yorğa üzrə baş yarışının kubokunun adı “Şuşa”, cıdır üzrə baş yarışının kubokunun adı isə “Xankəndi”dir.

Noyabrın 8-də çövkən üzrə dünya çempionatının 3-cülük uğrunda və final oyunları reallaşacaq.