"Qəbələ" 1-ci Liqaya düşsə də, AFFA-dan dəstək alacaq - QƏRAR

"Qəbələ" 1-ci Liqaya düşsə də, AFFA-dan dəstək alacaq - QƏRAR

Məlum olduğu kimi, dünən AFFA İcraiyyə Komitəsinin yeni tərkibdə ilk geniş iclası keçirilib.

Mediasport.az xəbər verir ki, 4 saatdan çox davam edən toplantıda bəzi qərarlar verilib.

Onlardan biri də idman prinsiplərinin qorunaraq, Azərbaycan Premyer Liqasında sonuncu olan komandanın 1-ci Liqaya düşməsinə dair qərarın dəstəklənməsidir.

Belədə cari mövsüm Elitada sonuncu yeri tutan “Qəbələ”nin yeni mövsümdən 1-ci Liqada çıxış edəcəyi dəqiqləşib.

Lakin AFFA İK federasiyanın bölgə klubuna dəstək göstərməsinə dair qərar qəbul edib:

- İcraiyyə Komitəsində qərara alınıb ki, akademiya və infrastrukturun fəaliyyətinin hazırkı şərtlərlə davam etdirilməsi üçün “Qəbələ” klubuna növbəti mövsümdə dəstək göstərilsin. AFFA bir ay ərzində bu istiqamətdə bölgə təmsilçisi ilə intensiv işləyəcək və İcraiyyə Komitəsinin növbəti iclasına qədər təkliflər təsdiq üçün təqdim olunacaq.

Qeyd edək ki, İcraiyyə Komitəsi Azərbaycan Premyer Liqasında komanda sayının artırılmaması barədə qərar verib.

Həmçinin, 2024/2025-ci illər mövsümündə legioner limiti əvvəlki qaydada, 7+4 (7 əcnəbi+4 yerli) olaraq qalıb.

Limit 2025/2026-cı illər mövsümündə 8+3 olacaq.