İsrail yarışında 13 cüdoçumuzdan yalnız 3-ü medal qazandı
İsrailin Yerusəlim şəhərində təşkil olunan cüdo üzrə “World Masters” turnirinə yekun vurulub.
mediasport.az xəbər verir ki, turnirin üçüncü günündə Azərbaycan yığmasının daha dörd idmançısı tatami üzərinə çıxıb.
Onlardan yalnız 100 kiloqram çəki dərəcəsində çıxış edən Zelim Kotsoyev yarışın bürünc medalına sahib çıxıb.
Məmmədəli Mehdiyev (90 kq) startda israilli Qay Qureviçə uduzub.
100 kq çəkidəki digər təmsilçimiz Elmar Qasımov Zlatko Kumriçə (Xorvatiya) qalib gəlsə də, sonrakı mərhələdə gürcüstanlı İlya Sulamanidzeyə yenilib.
Uşanqi Kokauri (+100 kq) Daniel Allerstorferi (Avstriya) məğlub edərək 1/4 finala yüksəlib. Lakin burada Türkmənistan təmsilçisi Temur Rahimovla bacarmayıb. Təsəlliverici dueldə yaponiyalı Kaquera Kokoroya uduzan gürcü legioner yeddinci yerlə kifayətlənib.
Beləliklə, yarışa 13 nəfərlik heyətlə qatılan Azərbaycan millisi çıxışını 3 medalla başa vurub. Daha əvvəl Səid Mollayi (81 kq) gümüş, Balabəy Ağayev (60 kq) bürünc medal qazanıb.