"Penaltidən qol buraxsaydıq da, qollar vuracaqdıq" - Tomasson
İsveç millisinin baş məşqçisi Yon Dal Tomasson UEFA Millətlər Liqasının qrup mərhələsinin Azərbaycanla oyunundan sonra (3:1) baş tutan mətbuat konfransında iştirak edib.
Mediasport.az xəbər verir ki, 48 yaşlı çalışdırıcı oyunla bağlı fikirlərini bölüşüb:
"Nəticədən razıyam. Kifayət qədər şanslarımız oldu. Bunu müdafiədə yaxşı oynayan komandaya qarşı etdik. Açıq oyun təklif etdik. Belə oyun təklif edirsənsə, rəqibə fürsətlər də vermiş olursan. İlk hissədə önə doğru vertikal paslar verirdik, amma arxası gəlmirdi. Fasilədə bununla bağlı danışdıq. Hərəkət etmək lazım idi. Topu itirdikdən sonra komandamız yerini tuta bilmirdi, geri çəkilirdik, rəqibə fürsətlər verirdik. Qapıçının çıxışından çox razıyam, penaltini qaytardı. Qələbə ilə başladıq. Önəmli olan budur".
Tomasson daha sonra jurnalistlərin suallarını cavablandırıb:
Müdafiə xəttinin çıxışından razı qaldız? Azərbaycan millisi qapınız qarşısında xeyli epizod yaratdı...
- Topu itirəndə yaxşı reaksiya verməliyik. Bunu edə bilmədik. Öndə təzyiq etmək lazım idi. Oyunun müəyyən epizodlarında komanda passiv çıxış etdi. Hücumda mükəmməl deyildik, yaxşı idik, 11 epizodumuz var idi. Bəzi son mərhələyə gəlib çıxmayan epizodlar da oldu.
Millinin qolkiperi növbəti oyunlarda da start heyətində yer alacaq?
- Bəli.
Fernandu Santuşun komandasında nəyi bəyəndiniz?
- Bakıda belə nəticə əldə etmək, kifayət qədər qol epizodu ilə qələbə qazanmaq çox çətindir.
İstifadə edilməyən penalti matçın qırılma nöqtəsi oldu?
- Əla qurtarış idi. Dönüş nöqtəsi idi? Deməzdim. İnanıram ki, penaltidən qol buraxsaydıq da, qollar vuracaqdıq. Çünki kifayət qədər qol epizodları yaradırdıq.