"Qarabağ" tarixində 5-ci dəfə

"Qarabağ" tarixində 5-ci dəfə

“Qarabağ” tarixində 5-ci dəfə Azərbaycan çempionatının bir oyununda 7 və daha çox qol vurub.

Mediasport.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən məlumatına görə, komanda Premyer Liqanın XII turunda “Kəpəz”i 7:1 hesabı ilə məğlub etməklə buna nail olub.

Bu həm də Azərbaycan çempionatları tarixində bir komandanın belə məhsuldarlıq göstərdiyi 73-cü matçdır. 1992-ci ildən keçirilən turnirdə bunadək 72 dəfə tərəflərdən biri rəqib qapısına 7 və ya daha çox qol vurub.

Mütləq rekord “Neftçi”yə məxsusdur. Bakılılar 17 dəfə “7+”ə nail olublar. “Kəpəz”in hesabında 13 belə matç var. Ümumilikdə 21 komanda məhsuldar oyun keçirib. “Şəmkir” 7, Sumqayıt “Xəzər”i 6, “Turan” 4, “Şamaxı” və “Bakı” hərəyə 3, “ANS Pivani” və Lənkəran “Xəzər”i hərəyə 2 qarşılaşmada 7 və ya daha çox qola seviniblər. Digər 11 komandanın hesabında bir belə görüş var.

Qeyd edək ki, ölkə çempionatları tarixində ilk belə hadisə 1992-ci il mayın 10-da qeydə alınıb. “Neftçi” evdə Şamaxı “Şirvan”ını 8 dəfə cəzalandırıb – 8:1.