"Sən nə gözəl, nə böyüksən, uca millətim" - Millimizin baş məşqçisi
Çimərlik güləşi üzrə Azərbaycan millisinin baş məşqçisi və yunan-Roma güləşi üzrə yığmanın keçmiş üzvü Oyan Nəzəriani Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində ermənilərin qanunsuz fəaliyyətlərinin monitorinqini aparmağa yollanan ekofəalların və QHT nümayəndələrinin Şuşa-Xankəndi yolunda etiraz aksiyası keçirməsi ilə bağlı paylaşım edib.
mediasport.az xəbər verir ki, Güney Azərbaycanın Urmiya şəhərindən olan 28 yaşlı mütəxəssis 44 günlük Vətən müharibəsində dosta-düşmənə gücümüzü göstərdiyimizi bildirib.
"Sən nə gözəl, nə böyüksən, uca millətim. 44 günlük Vətən müharibəsində qadını, kişisi, qocası, cavanı ilə bütün dünya azərbaycanlıları bir yumruq olduğumuzu dosta da, düşmənə də göstərdik. Bu günlərdə isə millətimizin Laçın dəhlizində keşikdə durduğunu görürük. Qanunsuz aparılan qazıntıları, sülhməramlıdan çox erməniməramlı olan əsgərləri dayandıran xalqım sülh müqaviləsinin şərtlərini yerinə yetirməyi tələb edir və sivil şəkildə də olsa vətənin keşiyini çəkir. Qürur duyuram. Bütün Azərbaycan xalqı sizinlədir. Birliyimiz diriliyimizdir".