Yığmamızın üzvləri üçün ilin son sınağı Ər-Riyadda olacaq

Yığmamızın üzvləri üçün ilin son sınağı Ər-Riyadda olacaq

Dekabrın 8-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda taekvondo və parataekvondo üzrə Qran-pri yarışlarının final mərhələsi start götürəcək.

Federasiyadan mediasport.az saytına verilən məlumata görə, bu seriyada ilin yekun yarışında ölkəmizi taekvondoda 173,94 xalla dünya reytinqində 10-cu olan Cavad Ağayev təmsil edəcək.

68 kq çəki dərəcəsində mübarizə aparacaq dünya və Avropa çempionatının mükafatçısı dayanq üzərinə dekabrın 9-da çıxacaq. O, yarışda baş məşqçi Reza Mehmandostun rəhbərliyi altında qüvvəsini sınayacaq.

Parataekvondo üzrə komandamız isə baş məşqçi Fərid Tağızadənin rəhbərliyi altında Ər-Riyada yollanacaq.Qran-prinin final mərhələsində Sabir Zeynalov (58 kq, K-44), İmaməddin Xəlilov (70 kq, K-44) və Əbülfəz Abuzərli (80 kq, K-44) mübarizə aparacaq.

Qran-prinin final mərhələsində il ərzində analoji yarışda nəticə verən 140 idmançı mübarizə aparacaq. Yarışın qalibi reytinqinə 100 xal əlavə edəcək.