"Dünya çempionatına tam hazırlaşa bilməsəm də, medal qazandım"
“2022-ci ildə bəzi yarışlarda qızıl medal qazanacağımı gözləyirdim. Amma zədə səbəbindən həmin turnirlərə tam hazırlaşa bilmədim”.
mediasport.az xəbər verir ki, bunu Azərbaycan Taekvondo Federasiyasının (ATF) mətbuat xidmətinə yığmanın üzvü Cavad Ağayev deyib.
21 yaşlı idmançı bildirib ki, 2022-ci ilin idman yekunlarına həsr olunan tədbirdə Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev tərəfindən ona verilən mənzilin orderi həyatında ən dəyərli hədiyyədir: “Cənab Prezident İlham Əliyev həmişə idmanı və idmançıları diqqətdə saxlayır. Yarışlarda uğur qazanmağımız da məhz onun, dövlətin bizə qayğısının nəticəsidir. Buna görə Prezidentə dərin təşəkkürümü bildirirəm. Cənab Prezident tərəfindən verilən mənzilin orderi həyatımda ən dəyərli hədiyyədir”.
2022-ci il dünya çempionatında bürünc, U-21-in Avropa çempionatında və İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanan Cavad Ağayev bu il baş tutacaq yarışlarda da öz sözünü deməyə çalışacağını vurğulayıb. 68 kq çəki dərəcəsində dayanq üzərinə çıxan taekvondoçu Bakıda keçiriləcək dünya çempionatında qızıl medal qazanmaq arzusundadır: “2023-cü ilin ötən ildən də uğurlu olacağına inanıram. Bizi qarşıda böyük yarışlar gözləyir. Əsas məqsəd Bakıda keçiriləcək Dünya çempionatında inamlı çıxışdır. Mənə olan ümidləri doğrultmağa çalışacağam. Meksikadakı Dünya çempionatına ayağımdakı zədə səbəbindən tam hazırlaşa bilmədim. Amma Vətənə əliboş qayıtmadım. Ümid edirəm ki, həmin “bürünc”ü Bakıda “qızıl”a çevirəcəyəm. Mundialın ardınca Polşada Avropa Oyunlarında iştirak edəcəyik. Həmin yarışda da üçrəngli bayrağımızı yüksəklərdə dalğalandırmaq üçün mübarizə aparacağam”.