Azərbaycan güləşçisi Yay Olimpiya Oyunlarına qələbə ilə başladı

 Azərbaycan güləşçisi Yay Olimpiya Oyunlarına qələbə ilə başladı

Fransanın paytaxtı Parisdə keçirilən XXXIII Yay Olimpiya Oyunlarında güləş yarışları start götürüb.

Mediasport.az xəbər verir ki, ilk gündə Azərbaycanın 2 pəhləvanı mübarizəyə qoşulacaq.

Yunan-Roma güləşçilərimizdən ilk olaraq Sabah Şəriəti yarışıb. 130 kq çəki dərəcəsində mübarizə aparan idmançımız 1/8 finalda estoniyalı Heyki Nabi ilə üz-üzə gəlib.

Sabah 1:1 hesabı ilə başa çatan dueldə sonuncu xal prinsipi ilə qalib gələrək adını 1/4 finala yazdırıb.

Bir qədər sonra 60 kq-da Murad Məmmədov 1/8 finalda venesuelalı Rayber Rodriges Orosko ilə qarşılaşacaq.

Azərbaycan güləşçilərinin bütün görüşləri İTV kanalında canlı yayımlanacaq. Ölkəmiz Fransada 11 güləşçi ilə təmsil olunacaq. Onlardan 5-i yunan-Roma, 6-sı sərbəst güləşçilərdir.

Yunan-Roma güləşi: Murad Məmmədov (60 kq), Həsrət Cəfərov (67 kq), Sənan Süleymanov (77 kq), Rafiq Hüseynov (87 kq), Sabah Şəriəti (130 kq);

Sərbəst güləş: Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq), Turan Bayramov (74 kq), Osman Nurmaqomedov (86 kq), Maqomedxan Maqomedov (97 kq), Giorgi Meşvildişvili (125 kq).

Xatırladaq ki, Azərbaycan olimpiadada indiyədək 3 medalı təmin edib. Cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) çempion olublar.

Boksçu Alfonso Dominges isə finala çıxdığı üçün minimum 2-ci yeri tutacaq.