Şagirdlərimiz Rumıniyada 1 qızıl və 1 bürünc medal qazanıblar
Rumıniyada məktəblilərin onlayn formatda VIII “InfO(1)Cup” proqramlaşdırma müsabiqəsi təşkil edilib.
Mediasport.az xəbər verir ki, 13 ölkədən 135 şagirdin iştirak etdiyi olimpiadada Azərbaycan məktəbliləri uğurla çıxış edərək, 1 qızıl və 1 bürünc medal qazanıblar.
Akademik Zərifə Əliyeva adına liseyin 10-cu sinif şagirdi Ayxan Dəmirli qızıl, Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 10-cu sinif şagirdi Raul Cəfərli isə bürünc medala layiq görülüb.
Bu günədək məktəblilər həmin müsabiqədən 3 gümüş və 3 bürünc medal əldə ediblər. Məktəblilərimizin qızıl medal qazanması ilk dəfə reallaşır.
İnformatika fənni üzrə beynəlxalq olimpiadalara milli komandaların hazırlıq prosesi 2017-ci ildən etibarən Təhsil İnstitutu və “Azercell Telekom” MMC arasında imzalanmış əməkdaşlıq müqaviləsi əsasında həyata keçirilir.
Sözügedən müddətdə məktəblilərimiz müxtəlif beynəlxalq olimpiada və müsabiqələrdə uğurla çıxış edərək 4 qızıl, 16 gümüş və 39 bürünc olmaqla ümumilikdə 59 medal əldə ediblər.