"Bizim kimi gənc federasiya üçün bu yarış böyük hadisədir"
"Ölkəmizdə müxtəlif idman növləti üzrə dünya çempionatları keçirilib. Amma bizim kimi gənc federasiya üçün bu yarışın keçirilməsi böyük hadisədir".
Mediasport.az xəbər verir ki, bunu Azərbaycan Minifutbol Federasiyasının (AMF) prezidenti Orxan Məmmədov deyib.
Federasiya rəhbəri 2025-ci ildə Bakıda keçiriləcək dünya çempionatı ilə bağlı təqdimat mərasimində çıxış edib:
"Azərbaycanın minifutbol tarixində yeni səhifə açılıb. Dünya çempionatının Bakıda keçirilməsi bizim üçün vacib məqamdır. Keçmişə nəzər salsaq, 16 il əvvəl ölkəmizdə minifutbol meydançaları salmağa başladıq. Bakıda 40-a yaxın belə stadion var. Həmin meydançalar 150-dən artıq idmançıya xidmət edir. Minifutbol ölkəmizdə geniş kütlə tərəfindən tanınır və sevilir.
Artıq zaman keçdikcə görürük ki, bu məsələyə daha peşəkar yanaşmaq lazımdır. 2017-ci ildə federasiya təsis edildi. Gənc federasiya idik və o zaman xüsusi dəstəyə ehtiyacımız var idi. Öz dövlətimizə müraciət edərək bu dəstəyi almışdıq. Gənclər və İdman nazilriyinə təşəkkür edirəm. Hələ 2017-ci ildə biz təsis olunanda mərhum Azad Rəhimova müraciət etmişdik və bizə dəstək göstərdi. Bu gün də gənc nazirimiz Fərid bəy hər birimizə dəstəkdir. Ona xüsusi təşəkkür bildirirəm. AFFA-ya da təşəkkür edirik ki, bizləri yaddan çıxarmır".
Xatırladaq ki, mini-futbol üzrə növbəti dünya çempionatı 2025-ci ildə Bakıda təşkil olunacaq.
İki ildən bir keçirilən mundiala son dəfə 2023-cü ildə Birləşmiş Ərəb Əmirlikləri ev sahibliyi edib və Azərbaycan millisi 4-cü yeri tutub.