ÇL-də ilk dəfə qrup oyunu idarə edən Əliyar Ağayev: "Öhdəsindən gəldik"
FİFA reserisi Əliyar Ağayev ölkə futbolu tarixində ilkə imza ataraq qitənin bir nömrəli klub yarışı sayılan Çempionlar Liqasının qrup mərhələsi oyununu idarə etməsi barədə danışıb.
mediasport.az xəbər verir ki, 35 yaşlı referi “Radio Enerji”nin “Səhərin şərhi” verilişində azərbaycanlı həmkarları ilə birlikdə idarə etdikləri "Kopenhagen" - "Borussiya" (Dortmund") matçı haqda təəssüratlarını bölüşüb.
Təcrübəli fit sahibi 1:1 hesabı ilə yekunlaşan qarşılaşmanı yaxşı idarə etdiklərini deyib: “Çempionlar Liqası bəlkə də klublar arasında dünyanın ən mötəbər yarışıdır. Hər bir futbolçunun arzusu burada oynamaq, bu himnin sədaları altında meydana daxil olmaqdır. Həmçinin də biz hakimlər üçün. Hər bir beynəlxalq dərəcəli hakimin də arzusu Çempionlar Liqasında oyun idarə etməkdir. Şükürlər olsun ki, bu, bizə qismət oldu. Həyəcan var idi. Bunu ikiqat edən də bütün futbol ictimaiyyətinin bizi canlı izləməsi idi. Məsuliyyətimiz daha da artırdı. Briqada şəklində oyunun öhdəsindən lazımınca gəldik. Ölkəmizin adını layiqincə təmsil etməyi bacardıq. Göstərdik ki, bizdə hakimlik kökləri, ənənələri var. Bu oyuna çıxmağımıza qədər keçdiyimiz uzun yolda bizə zərrə qədər də köməyi olmuş hər kəsə minnətdarlığımı bildirirəm”.
Əliyar Ağayevə bu oyunda Zeynal Zeynalovla Akif Əmrəli laynsmanlar qismində yardımçı, Kamal Umudlu isə dördüncü hakim kimi kömək edib.